Tovuz istiqamətində baş verən hadisələr xalqımızın bir yumruq kimi birləşməsinin vacibliyini bir daha sübut etdi. Vətən uğrunda canından keçən igid oğullarımız şəhid oldular.
Ancaq onların qəhrəmanlığı bəzən gözardı edilir. Şəhidlərə hörmət əlaməti olaraq onların fotoları dükanlara, yaşayış binalarının divarlarına, müxtəlif məkanlara vurulur. Lakin bəzi şəxslər həmin fotolara qarşı hörmətsizlik edirlər. Çox təəssüf ki, bu şəkillər bəziləri tərəfindən cırılır, yararsız hala salınır. Bu hal onu deməyə əsas verir ki, bəzi şəxslər üçün müqəddəs vətən sevgisi deyə bir anlayış yoxdur.
“...bunu edən şəxs vətən sevgisi nədir, bilmir”
Psixoloq Könül İsmayılova bildirdi ki, şəhidlərin fotosunun yararsız hala salınması düzgün deyil: “Bunu edən şəxs vətən sevgisi nədir, bilmir. Ola bilər ki, bu hərəkəti uşaq edib. Ancaq o uşağın valideynləri ona vətən yolunda şəhid olan şəxsin müqəddəs olduğunu, ona hər kəsin hörmət etməsini başa salmalıdır. Ailədə uşaqlara onların nə üçün bizdən ötrü müqəddəs və ölməz olduqlarını bildirmək lazımdır. O zaman daha həssas yanaşarlar. Amma böyüklərdən kimsə bu hərəkəti edibsə, sadəcə, təəssüf hissi keçirirəm. Çünki onlar bu gündən sonra nə tərbiyələnəsidirlər, nə də içlərində vətən sevgisi olacaq. Bu günə qədər nəyə xidmət ediblərsə, bundan sonra da ona xidmət edəcəklər. Onlar üçün müqəddəs, əziz, toxunulmaz nəsə yoxdur”.
Həmsöhbətimiz təklif edir ki, şəhid şəklini kim yararsız hala salıbsa, həmin şəxs aşkarlanıb cəzalandırılsın.
Qeyd edək ki, vətən yolunda şəhid olmuş şəxslərə bu cür hörmətsizlik edənlərə qarşı ictimai qınaq olmalıdır.
Günel CƏLİLOVA