Azərbaycan 2020-ci ilin ilk aylarından koronavirus epidemiyası ilə mübarizə aparır. Koronavirusun yayılmasının qarşısının alınması üçün Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər, sanitar-epidemioloji vəziyyətin tam nəzarətə götürülməsi, habelə ölkədə sərt karantin rejiminin elan edilməsi, respublika üzrə xüsusi karantin rejiminin avqustun 31-nə qədər uzadılması məlumdur.
Bu gün dövlət koronavirus epidemiyasının tamamilə lokallaşdırılması istiqamətində bütün resurslarını səfərbər edib. Ölkəmizdə virus ocaqlarının söndürülməsi, tamamilə məhv edilməsi yönündə tədbirlər görülür, bütün rayon və şəhərlərdə dezinfeksiya işləri hər gün davam etdirilir, virusa tutulan xəstələr dövlət hesabına müalicə edilir. Bütün bunlar və qeyd etmədiyimiz digər faktlar göstərir ki, dövlət pandemiya ilə mübarizə sahəsində hər zaman aktiv fəaliyyət göstərir və vətəndaşı düşünərək, bu virusun kökünü kəsmək istiqamətində var gücü ilə çalışır.
“SMS icazəsindən sui-istifadə edilməsi halları da var və vətəndaşlar zərurət olmadan SMS xidmətinə müraciət etməməlidirlər”
Həkim-terapevt Leyla Bayramlı bizimlə söhbətində qeyd etdu ki, ümumilikdə,14 rayon və şəhərdə sərt karantin rejimi iyulun 20-dən avqustun 5-nə qədər uzadılıb və vətəndaşlar evdən çölə SMS icazəsilə çıxa bilərlər, həftənin şənbə-bazar günləri, bütövlükdə, ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. O hesab edir ki, vətəndaşlar dövlətin qoyduğu qaydalara, qəbul etdiyi qərarlara laqeyd yanaşmamalı, əksinə, öz məsuliyyətləri ilə virus əleyhinə mübarizələrini ortaya qoymalıdırlar: “Vətəndaşlardan yeganə tələb ondan ibarətdir ki, sanitar-gigiyena qaydaların əməl etsinlər, maska taxsınlar və sosial məsafəni qorusunlar. Amma çox təəssüf ki, vətəndaşlarımızın xeyli bir hissəsi bu qaydalara əməl etmək, maska taxmaq istəmir, sosial məsafəni gözləmir. Xüsusən də marketlərdə buna sıx-sıx rast gəlinir. Sərt karantin rejimi elan edildikdən sonra ölkə üzrə virusa yoluxanların sayının azalması və sağalanların sayının çoxalması insanlarda “koronavirus təhlükəsi azalıb” kimi arxayınlıq yaradıb. Əslində isə belə deyil. Son günlər virusa yoluxanların sayı 400-dən aşağı düşsə də, iyulun 26-na olan rəsmi məlumata görə, yoluxanların sayı 417 nəfər olub. İnsanların biganəliyi nəticəsində virusa yoluxanların sayı yenidən artıb. Vətəndaşların biganəliyinə, xəstəliyə barmaqarası yanaşmasına son qoyulmalıdır.Virusa yoluxanların sayının azalması heç bir vaxt vətəndaşlarda arxayınlıq yaratmamalıdır, onlar həmişə maska taxmalı, sosial məsafə saxlamalı və sanitar-gigiyena qaydalarına əməl etməlidirlər. SMS icazəsindən sui-istifadə edilməsi halları da var və vətəndaşlar zərurət olmadan SMS xidmətinə müraciət etməməlidirlər”.
L.Bayramlının sözlərinə görə, virusun tam olaraq məhv edilməsi üçün vətəndaşlar onlardan tələb olunan məsələlərə xüsusi diqqət yetirməlidirlər. Ekspert vurğuladı ki, virusa yoluxan xəstələrin çəkdikləri əziyyətlərdən vətəndaşlar nəticə çıxarmalı, özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamlıdırlar. “Bəzi insanlar hələ də virusun böyük fəlakət yaratdığının fərqində deyillər. Yenə də yas mərasimləri keçirirlər, bura çoxlu sayda insan cəlb edirlər. Hətta gizlin şəkildə yığıncaq, toy etməyə də cəhdlər edirlər. Bütün bunlar isə vurusun daha da alovlanmasına səbəb olur, nəticədə isə karantin rejimi uzanır. Əlbəttə, təhlükə tam sovuşmayana qədər karantin rejimi davam etdirilməlidir” - deyə ekspert bildirdi.
İradə SARIYEVA