Yayın bu qızmar çağında Azərbaycan kəndlisi iş başında - tarlasında, bağında-bostanındadır. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, kəndli və fermerlər karantin rejiminin şərtlərinə əməl etməklə bir gün belə, işdən-gücdən ayrılmırlar. Azərbaycan kəndlisi üçün daha bir çətinliyi isə təbiət, iqlim yaradıb, quraqlıq yaşanır.
Bu kimi problemlərin həll olunması üçün iyulun 23-də Prezident İlham Əliyev iştirakı ilə su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə keçirilib. Müşavirədə bir sıra məsələlərə toxunulub. O cümlədən, su balansının tərtib edilməməsinə də toxunulub.
Prezident qeyd edib ki, bizdə heç vaxt su balansı tərtib edilməyibdir: “Bu necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir”.
Maraqlıdır su balansı nədir, necə tərtib olunur?
“Müasir çağırışlara uyğun və əsaslandırılmış su balansının hazırlanması məqsədəuyğundur”
İqtisadçı ekspert Natiq Cəfərli qəzetimizə açıqlamasında qeyd etdi ki, su balansının yaradılmasında məqsəd su resurslarının dəqiq hesablanmasıdır: “Bununla yanaşı, əlavə su qaynaqlarının tapılması da su balansına şamil edilir. Aqrar sahənin inkişafı üçün su resurslarından istifadə ilə bağlı ən azı 30 illik layihə hazırlanmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkənin ehtiyaclarını nəzərə alaraq su resursları ilə bağlı müəyyən addımlar atılmalıdır.
İqtisadçı hesab edir ki, müasir çağırışlara uyğun və əsaslandırılmış su balansının hazırlanması məqsədəuyğundur.
Həmsöhbətimiz dediklərindən belə aydın oldu ki, su balansı yaradılarsa su resurslarının düzgün hesablanmasına şərait yaradacaq. Təhlillər bir daha göstərir ki, Prezidentin su balansı barədə söylədikləri əsaslıdır və əgər bu məsələ həll edilərsə, su sahəsindəki bir çox problemləri aradan qaldırmaq olar.
Günel CƏLİLOVA