Dünyanın məşhur “Yerusəlim Post” qəzetində dərc olunan “Azərbaycan koronavirusla mübarizədə uğur nümunəsidir” başlıqlı məqalədə bu sahədə ölkəmizin uğurlarından bəhs edilir. Qeyd edilir ki, koronavirus pandemiyası əsas diqqəti bir həqiqət üzərində cəmlədi: böhranla mübarizə zamanı iqtisadi potensialın ölçüsü heç də hər zaman əhəmiyyət kəsb etmir, əsas olan sürətli və vaxtında hərəkət etməkdir. Bu mənada, nisbətən kiçik bir ölkə olmasına baxmayaraq, Azərbaycanın COVID-19 ilə mübarizəsi bu günə qədər uğurlu və təsirli olub.
Məqalədə vurğulanır ki, Azərbaycan koronavirus testlərinin sayına görə bölgədə birinci yerdədir və bir sıra Avropa ölkələrini də qabaqlayır. İndi Azərbaycanda karantin rejimi davam edir. İnsanlar parklarda toplaşmır, manqal təşkil etmirlər, ibadət yerlərinə getməyə çalışmırlar. Ən əsası, bütün bunlar sivil qaydada baş verir, ölkədə çaxnaşma yoxdur. Dövlət qurumlarına inam və vətəndaşlarla humanist davranış var.
O da qeyd edilir ki, ilk gündən Azərbaycan virusu olduqca ciddi qəbul etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun yayılmasının məhdudlaşdırılması üçün hərtərəfli tədbirlər həyata keçirildi. Dünyada adambaşına görə ən çox sınaq testləri həyata keçirən Azərbaycan iqtisadiyyatın yenidən açılması üçün vacib şərt sayılan əlaqə izləmə tətbiqetməsini də istifadəyə verdi. Bir çox ölkədə xəstələr evdə müalicə olunursa, Azərbaycanda müsbət test nəticələri olan bütün xəstələr dərhal xəstəxanalara yerləşdirilir. Bu, digər tədbirlərlə birlikdə ölkəyə ölüm və infeksiyaların sayını nisbətən aşağı səviyyədə saxlamağa kömək edir.
Görünən odur ki, Azərbaycanın koronavirusla uğurlu mübarizə metodu dünyanın ən inkişaf etmiş ölkələrində belə, yüksək dəyərləndirilir və nümunə kimi göstərilir.
“Bu modelin “Yerusəlim Post” qəzeti tərəfindən yüksək qiymətləndirilməsi böyük uğurdur”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, “Yerusəlim Post” qəzetində Azərbaycanın koronavirusla mübarizədə tətbiq etdiyi modelə verilən yüksək qiymət böyük göstəricidir: “Ümumiyyətlə, biz zaman-zaman şahidi olmuşuq ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında, verdiyi məlumatlarda Azərbaycanla bağlı müsbət məqamlar yer alır. Xüsusilə qeyd edilir ki, Azərbaycan pandemiyaya qarşı daha ciddi mübarizə aparır. Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda insanların icazə alması ilə bağlı informasiya texnologiyaları tətbiq olunur. Dövlət büdcəsindən pandemiyadan zərər çəkən sahələrə böyük həcmdə vəsait ayrılıb. Ölkəmizdə bir sıra modul tipli xəstəxanalar inşa edilib. Üstəlik, Azərbaycan pandemiya ilə mübarizədə həm də digər ölkələrə yardım edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda pandemiya ilə mübarizə yüksək səviyyədə təşkil olunub. Bunun dünya mətbuatının diqqət mərkəzində olması deyilənlərə əyani sübutdur. Azərbaycanın bu sahədə mütərəqqi bir model ortaya qoymasının “Yerusəlim Post” qəzeti tərəfindən yüksək qiymətləndirilməsi böyük uğurdur. Həqiqətən də əsas olan odur ki, pandemiyaya qarşı vaxtında və çevik tədbirlər görə biləsən. Azərbaycan bunu bacardı. Prezident İlham Əliyevin sözügedən uğurların əldə olunmasında xidmətləri böyükdür. Bütün bunlar həm də ölkənin dünyadakı imicinə müsbət təkan verir. Ölkəmiz barəsində müsbət rəy formalaşır”.
Bütün bunlar həm də onu göstərir ki, pandemiya ilə mübarizədə Azərbaycanın tətbiq etdiyi model daha mütərəqqi və effektlidir.
Vidadi ORDAHALLI