“...Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur.
Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar. Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“Prezidentin dediyi kimi, bu halın qarşısının alınması üçün qrafik tətbiq edilməli və suvarma suyu bütün fermerlər arasında ədalətlə bölünməlidir”
Mövzunu şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev ölkənin ən ağır problemlərindən birini gündəmə gətirməklə ondan çıxış yollarını da aydın şəkildə göstərib. “Ümumiyyətlə, biz müxtəlif iqtisadi layihələr çərçivəsində rayonlarda oluruq. Bölgələrdə su bölgüsündə ciddi ədalətsizlik faktlarına rast gəlmişik. Məsələ bundan ibarətdir ki, sular müxtəlif qurğular və arxlar vasitəsilə paylaşdırılır. Paylaşmalar zamanı da həftənin günlərinə uyğun olaraq suyun fermerlər arasında bölüşdürülməsi həyata keçirilir. Burada toraq sahələrinin su hövzələrinə yaxınlığı məsələsi də var. Bunlar hamısı mövcud problemin baş verməsində rol oynayır. Bir sıra hallarda suvarma prosesində sui-istifadə hallarına yol verilir. Yəni arxa yaxın sahələrin suvarılması daha intensiv şəkildə həyata keçirilir, həmin sahələrdə su bağlanıb başqa sahəyə ötürülmür. Bu da suvarma suyunun israf edilməsinə, verilən imkanlardan sui-istifadə halına yol verilməsinə gətirib çıxarır. Nəticədə də, bir çox fermerlərin əkin sahələri lazımı səviyyədə sulanmır. Cənab Prezident problemdən çıxış yolunu göstərdi və buna aidiyyatı qurumlar birmənalı olaraq əməl etməlidir. Bildirdi ki, su bütün fermerlər arasında xüsusi qrafik əsasında ədalətlə bölünməlidir. Prezident “Elektron kənd təsərrüfatı” informasiya sisteminin bu məsələdə xüsusi rol oynamalı olduğunu vurğuladı. Mövcud müasir texnoloji vasitələrdən istifadə edərək avtomatlaşdırılmış sistem qurmaq olar ki, su qrafik üzrə paylanılsın və ədalətsizliyə yol verilməsin”.
Ekspert qeyd etdi ki, ədalətsizlik, bəzi münasibətlərin əsas götürülməsi nəticəsində hətta fermerlər su üstündə bir-biriləri ilə münaqişə də edirlər. “Biz Ağcabədidə və digər rayonlarda araşdırma apardığımız zaman görürdük ki, su bölgüsünün üstündə iğtişaşlar, münaqişələr də baş verir. Prezidentin dediyi kimi bu halın qarşısının alınması üçün qrafik tətbiq edilməli və suvarma suyu bütün fermerlər arasında ədalətlə bölünməlidir”-deyə R.Atakişiyev vurğuladı.
İradə SARIYEVA