Aylardır ki, bəşəriyyət koronavirus bəlası ilə topsuz-tüfəngsiz vuruşur. Ölkəmizdə də pandemiya ilə əlaqədar məsələlər ciddi nəzarətdə saxlanılır, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir.
Koronavirus xəstələrinin qısa müddət ərzində sağalması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu istiqamətdə dövlət tərəfindən lazımi işlər görülür. Xəstəliyi yüngül formada keçirənlər üçün səyyar tibbi müəssisələr də fəaliyyət göstərir. Səyyar tibb müəssisələri lazımi avadanlıqlarla təmin olunub.
Məlumat üçün bildirək ki, əksər xarici ölkələrdə səyyar tibb müəssisələri fəaliyyət göstərir. Səyyar tibb müəssisələri ilə bağlı son zamanlar narazılıqlar yaranır.
“Son zamanlar səyyar tibb xidməti ilə narazılıqlar yaranır, bununda səbəbi səyyar tibbi xidmətlərində çalışanların sadə tibbi qaydalardan anlayışının olmamasıdır”
Həkim ekspert, professor Adil Qeybulla bildirdi ki, yüngül xəstələr həkim nəzarəti ilə tamamilə evdə müalicə oluna bilər. Onlara xüsusi ayrılmış həkimlər (məsələn, maaşları artırılmaqla poliklinika sahə həkimləri) gündəlik şikayətlərinin dinamikasına nəzarət etməli, reqress gedərsə, evdə müalicə və müşahidə davam etdirilər, ağırlaşma qeyd edilərsə, xəstəxanaya götürürlər. Xəstəlik evdə də tam müalicə oluna bilər: “Məlumat üçün bildirim ki, hər bir tibb məntəqəsinin nəzdində səyyar tibb xidməti çalışır. Bunun üçün dövlət tərəfindən 50 maşın ayrılıb, hazırda onların 40-ı işləyir. Hər gün səhər saat 8-dən 12-yə qədər səyyar tibb xidməti evdə şübhəli şəxslərdən testlər götürür, bu testləri xüsusi çantada məntəqəyə qaytarır. Orada barkodlaşır və laboratoriyalara çatdırılır. Testlər müsbət olarsa, simptomsuz və yüngül simptomlu xəstələrə evə dərman çatdırılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar səyyar tibb xidməti ilə narazılıqlar yaranır. Bunun da səbəbi səyyar tibbi xidmətlərində çalışanların sadə tibbi qaydalardan anlayışının olmamasıdır.
Qeyd edək ki, səyyar tibbi xidmətinin yaradılmasında məqsəd təcili yardım və stasionar xidmətin yükünün azaldılmasıdır. Ancaq deyəsən buna nail olunmayıb.
Günel CƏLİLOVA