Onu çoxdan tanıyaram. Daha doğrusu, şəxsi tanışlığımızdan əvvəl qəzet-jurnal səhifələrində imzasına rast gəlimişəm. Sonralar tanışlığımız dərin dostluq münasibətlərinə çevrilib. Beləliklə, söhbət milli mətbuatımızda imzası ilə seçilən Zəfər Əliyevdən və ya Zəfər Orucoğlundan gedir.
Zəfər 58 il öncə dağlar diyarı Lerikin əsrarəngiz yaşayış məntəqələrindən olan Bradi kəndində dünyaya göz açıb. Uşaq yaşlarından mehrini kitablara, qəzet-jurnallara salıb. Barmaqları qələm tutandan yazı-pozuya həvəs göstərib. Doğma kəndin zəhmətsevər insanları, məktəbdə keçirilən tədbirlər barədə düşüncələrini ağ vərəqlərə köçürərək, yerli rayon qəzeti ilə yanaşı, eyni zamanda respublika mətbuatına, radioya göndərib. İmzasını mətbuat səhifələrində görəndə uşaq kimi sevinib.
Bu gün artıq Zəfər Əliyev kamillik dövrünün bir addımlığındadır. Yaşa dolduqca, dostlarının, həmkarlarının da sayı artır. Əgər istəsəydi, o da bir çox həmyerliləri kimi Bakıda və ya Lənkəranda özünə ev-eşik qura bilərdi. Amma o bunu etmədi. Doğulub boya-başa çatdığı Bradini hər şeydən üstün tutdu. İndi Zəfər kənd klubunda çalışmaqla yanaşı, eyni zamanda jurnalistlik fəaliyyətini də davam etdirir. Respublikanın mətbu orqanları onun müxtəlif məzmunlu xəbərlərinə, zarisovkalarına, satirik lövhələrinə həvəslə yer ayırırlar.
Yeri gəlmişkən, qələm dostumun daha bir özünəməxsus xüsusiyyətindən söz açmaq istərdim. Zəfər Əliyevi həm də canlı arxiv saymaq olar. O, ta sovet dövründən tutmuş bu günə kimi nəşr olunmuş qəzet-jurnalları səliqə ilə toplyaraq evindəki rəflərdə qalaq-qalaq düzməklə onları göz bəbəyi kimi qoruyur. Bu qəzetlərin sırasında “Bakı-Xəbər”in özünəməxsus yeri var. Zəfərin arxivinin sorağı Lerikə və ətraf rayonlara da gedib çatıb. Ona tez-tez müxtəlif dövrlərdə nəşr olunmuş qəzet və ya jurnal barədə müraciətlər olunur. Zəfər isə evini hər kəsin üzünə açaraq, istədiyini həvəslə yerinə yetirir – bir şərtlə ki, xətərsiz-ziyansız aldığını geri qaytarsın.
Zəfər Əliyev Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Mətbuatda uzun və səmərəli fəaliyyətinə görə “Qızıl qələm” media mükafatına layiq görülüb.
Fürsətdən istifadə edib, Milli Mətbuat Günü münasibətilə qələm dostumu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm.
Ağaddin BABAYEV yazıçı-publisist