Bütün dünyada sürətlə yayılan koronavirus xəstəliyi əksər insanlarda yüngül formada keçsə də, orqanizmi zəif və xroniki xəstəlikləri olan insanlarda ağır nəticələr doğurur, ölümə səbəb olur. Hazırda ölkəmizdə sərt karantin rejimi tətbiq olunsa da, virusa yoluxma riski hələ də yüksəkdir.
İctimai nəqliyyat, dükanlar, əsasən qapalı məkanlar virusa yoluxma riskinin yüksək olduğu yerlərdir. Lakin eyni zamanda mütəxəssislər müvafiq qorunma tədbiri olmad;ğı halda açıq havada da yoluxma riskinin yüksək olduğunu bildirir.
Təcrübə göstərir ki, bir çox hallarda insanlar bilmədən, bəzən isə hətta bilərəkdən xəstə olduqları halda ictimai yerlərdə olur.
Özündə narahatlıq hissi keçirən şəxs ilk olaraq bədən hərarətini ölçmək üçün hərarət ölçən cihazdan istifadə etməli olur. Bədən hərarətinin yüksək olduğunu görən şəxs bunun üçün lazım olan dərmanı qəbul etməlidir. Lakin son zamanlar apteklərdə hərarət salan dərmanların tapılmasında problem yaşanır. Məsələ ilə bağlı bir neçə aptekdə olduq və doğrudan qeyd olunan preparatların sayının məhdud sayda olduğunun şahidi olduq.
“Preparatların gizli yolla satılması ciddi qanun pozuntusudur, bu riskə getmək düzgün deyil”
Məsələ ilə bağlı fikir bildirən professor, həkim ekspert Adil Qeybulla qeyd etdi ki, istehsalçılar və yaxud idxalçılar süni olaraq dərman və ya hərarətin ölçülməsi üçün lazım olan cihazın az olmasına şərait yaradır. Yəni dərman idxalçıları öz aralarında müəyyən razılığa gəlirlər, qiyməti artırırlar: “Şübhəsiz ki, məqsədləri məhsulu, dərmanı bazardan azaldıb qiyməti artırmaq ola bilər. Ola da bilər ki, doğrudan da dünya bazarında bu dərmanlar azalıb, onları idxal etməkdə çətinlik var".
Həmsöhbətimizin sözlərinə görə, preparatların gizli yolla satılması ciddi qanun pozuntusudur: “Hesab edirəm ki, bu riskə heç kim getməyəcək. Əgər belə bir şey olarsa, bu, neqativ bir tendensiya olar".
Ekspertində qənaətinə görə, hazırki dönəmdə hərarətin salınması üçün lazım olan dərmanın apteklərdə yetərincə olmaması yaxşı hal deyil.
Günel CƏLİLOVA