Azərbaycanda koronavirusla bağlı ölkə boyunca "sosial izolyasiya" tədbirləri elan olunub. Buna görə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb. Ümumiyyətlə, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Tədbirlər çərçivəsində ölkəmizdə daha bir qadağa tətbiq olunur. Belə ki, boşanmış tərəflərin övladları ilə görüşlərinə məhdudiyyət qoyulacaq. Uşaqların virusa yoluxma təhlükəsinin qarşısını almaq məqsədilə görüşlərin onlayn qaydada keçirilməsi tövsiyə edilir. Məlumat üçün bildirək ki, bununla bağlı icra və probasiya şöbələrinə müvafiq tapşırıq verilib.
“Koronavurus xəstəliyi zamanı uşaqlarda yalnız yüngül simptomlar ola bilər, lakin virusu daha yüksək riskli şəxslərə, o cümlədən yaşlılara və ciddi tibbi problemləri olan insanlara keçirə bilərlər”
Həkim ekspert Rasif Bağırov bildirdi ki, koronavirus 10-19 yaşlı şəxslər arasında daha sürətlə yayılır: “Uşaqlarda təsbit olunan koronavirus əksər hallarda simptomsuz gedişə malik olsa da, bəzi hallarda öskürək, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltihabı ilə yanaşı ishal da müşahidə olunur. Bu səbəbdən də pandemiya dövründə uşaqlardan ayrı yaşayan valideynlərin onlarla canlı görüşü müvəqqəti təxirə salınmalıdır. Yaxşı olar ki, valideynlər övladları ilə onlayn görüşsünlər. Uşaqların sağlamlığı üçün valideynlər bu qaydalara əməl etməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, artıq bir sıra ölkələrdə boşanmış valideynlər uşaqları canlı formada deyil, onlayn qaydada görüşür: “Ümumiyyətlə, xəstə uşaqların yaşlı, immuniteti zəif, xroniki xəstəlikləri olan insanlardan uzaq tutulması vacibdir. Koronavurus xəstəliyi zamanı uşaqlarda yalnız yüngül simptomlar ola bilər, lakin virusu daha yüksək riskli şəxslərə, o cümlədən yaşlılara və ciddi tibbi problemləri olan insanlara keçirə bilərlər”.
Pandemiya dövründə boşanmış şəxslərin övladları ilə canlı görüşü düzgün hesab olunmur.
Günel CƏLİLOVA