ÜST-ün Avropada 53 ölkə üzrə hesabatında əks olunan məlumata görə, koronavirusa yoluxmada Avropada 20 faizi kişilər, 40 faizi qadınlar təşkil edir. Azərbaycanda da "COVID-19"a yoluxanlar arasında qadınlar üstünlük təşkil edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, dünyanın əksər ölkələrində koronavirusa yoluxma baxımından kişilər qadınları üstələyir, Azərbaycanda isə əksinə, qadınlar kişilərdən daha çox koronavirusa yoluxur:“Bunu da mütəxəssislər təhlil edib və bu qənaətə gəlib ki, qadınların çox yoluxması yas yerlərinə getmələri ilə bağlıdır. Onlar yas yerlərində daha çox təmasda olur və yoluxur".
Aparılan araşdırmalar zamanı məlum ki, koronavirusa yoluxanlar arasında qadınların üstünlük təşkil etməsinin səbəbi onların yas məclislərində iştirak etməsi ilə bağlıdır.
“Qadınlar arasında koronavirusa yoluxma sayının artmasının səbəblərindən biri də onların alış-veriş mərkəzlərinə, gözəllik salonlarına, yas yerlərinə çox getmələri ilə bağlıdır”
Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirdi ki, ölkəmizdə koronavirusa yoluxanlar arasında qadınların üstünlük təşkil etməsinin səbəbi araşdırılmalıdır:"Koronavirusun əsasən qadınlara, yaxud da kişilərə yoluxması ilə bağlı tibbi izah yoxdur. Çünki koronavirus yoluxmada sərhəd tanımır. Bu virus daha çox təmasda olan insanlara yoluxur. Yəni əsasən aktiv və daha çox təmasda olan insanlar arasında virusa yoluxma həddi yüksəkdir. Belə nəticəyə gəlmək olar ki, Azərbaycanda qadınlar daha çox aktivdirlər. Onlar ictimai yerlərdə daha çox olur, sosial təcrid qaydalarına az əməl edirlər. Yaxud da onlar sosial məsafə gözləmirlər.
Biz özümüz dəfələrlə şahid olmuşuq ki, qadınlar pandemiya dövründə də görüşüb-öpüşməyi tərgitməyiblər. Amma kişilər daha əllə də az-az hallarda görüşürlər. Çox güman ki, sadaladığım bu amillər qadınlar arasında koronavirusa yoluxma sayını artırır. Qadınlar arasında koronavirusa yoluxma sayının artmasının səbəblərindən biri də onların alış-veriş mərkəzlərinə, gözəllik salonlarına, yas yerlərinə çox getmələri ilə bağlıdır. Kişilər də belə yerlərə getsələr də, orada çox vaxt sərf etmirlər. Həmçinin kişi bərbərxanaları qadınların üz tutduğu gözəllik salonları qədər dolu olmur. Bu da qadınlar arasına virusa yoluxmanı artıra bilər”.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı da qadınların bu virusa daha çox yas mərasimlərində yoluxduğunu deyib. Bugünlərdə koronavirusa yoluxan jurnalist Müşfiq Abdulla isə ailəsinə virusun məhz həyat yoldaşının işlədiyi gözəllik salonundan gəldiyini bildirib. O deyib ki, həyat yoldaşı koronavirusa çalışdığı bərbərxanada yoluxub.
Günel CƏLİLOVA