Bildiyimiz kimi, Bakının nəqliyyat xəritələri və naviqator sisteminə qarşı xeyli müddətdir ki, erməni təxribatı davam edir. Dəfələrlə taksi sürücüləri naviqatordan istifadə edərkən hərəkət xəritələrində göstərilən ünvanların, küçələrin bir çoxunun erməni adına olduğunun göstərildiyini qeyd ediblər.
Əlbəttə, bu bir təxribatdır və ermənilər tərəfindən süni yollarla hazırlanaraq dövriyyəyə buraxılmış bir haldır.
Faktiki olaraq Bakıda heç bir erməninin adını daşıyan küçə yoxdur, amma təxribatçılar hansısa üsullarla naviqatorlarda saxta adlar yerləşdiriblər. Çox təəssüflər olsun ki, o adlar içində faşist əlaltısı Njdenin də adına rast gəlinib.
Belə ki, Bakıda taksi xidmətilə məşğul olan müharibə veteranı Namiq Paşayev Binəqədi rayonu Mərkəz (Sentralnıy) adlanan və “Mister tum” yerləşən əraziyə sifariş qəbul etdiyi üçün “navigator Baku Sity Guide” xidmətini işə salır. Göstərilən ünvandan dəhşətə gələn veteran bu məsələni ictimailəşdirir.
Eksepertlərin fikrincə, Njdenin kimliyi barədə bütün dünya bilir və Prezident İlham Əliyevin də, Azərbaycan xalqının da faşist əlaltısına mövqeyi hər kəsə məlumdur.
“Bakıda “Njde küçəsi”nin də görünməsi erməni təxribatının tərkib hissəsidir”
Sosial sahə üzrə tanınmış mütəxəssis İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu birbaşa erməni təxribatı ilə bağlıdır. Azərbaycanda faşist əlaltısı Njde və digərilərinin adına heç bir küçə olmadığını deyən İ.Hüseynli hesab edir ki, ermənilərin bu təxribatının qarşısı tezliklə alınmalıdır.
“Bilirsiz ki, bütün dünyada kibercinayətkarlıq baş alıb gedir və orada müxəlif təxribat xarakterli hərəkətlərə yol verilir. Ayrı-ayrı dövlət orqanlarının elektron sistemlərinə müdaxilələr olunur. Naviqator sistemi də birbaşa internet üzərindən idarə olunan bir sistemdir və hər bir ölkədə bu mövcuddur. Bu mənada, hakerlərin hücumunu həm də naviqator sisteminə tətbiq etmək mümkündür. Bu sahədə bütün ölkələrdə ayrıca qruplar var. Bizim ermənilərlə hazırkı aktiv münaqişə durumunda olduğumuz bir vəziyyətdə, eyni zamanda, baş verən son hadisələrdən sonra bir sıra dövlət qurumlarımızın, eləcə də informasiya agentliklərimizin, qəzetlərimizin saytlarına qarşı ermənilər tərəfindən kibercinayətkarlıq həyata keçirilib. Bakıda “Njde küçəsi”nin də görünməsi erməni təxribatının tərkib hissəsidir. Hamı bilir ki, bizdə faşist əlaltısının adına küçə ola bilməz.
Düşünürəm ki, bizim naviqator sistemində bölgələrimizin və şəhərimizin küçələrinin adlarının erməni mənşəyi ilə görünməsi məhz erməni kibercinayətkarlığının növbəti bir dalğasıdır, tərkib hissəsidir. Bu baxımdan hesab edirəm ki, bu məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlıq etməli və dərhal hərəkətə keçməlidirlər. Eyni zamanda, hər bir elektron bazada, sistemlərdə təhlükəsizliyi qoruma mexanizmləri daha da gücləndirilməlidir. Yalnız bu imkanları səfərbər etməklə problemi aradan qaldırmaq mümkündür. Bizim özümüzün elktron mühəndislərimiz, bu sahədə çalışan mütəxəssislərimiz hər bir qurumun informasiya sisteminin gücləndirilməsi işi ilə məşğul olmalıdır. Ola bilsin, haker hücumu ilə bağlı əvvəlcədən düşünülməyib ki, ermənilər kibercinayətkarlığı bu istiqamətdə də həyata keçirə bilərlər. Amma bir halda ki, artıq bu baş verib, bu halın təkrarlanmaması üçün sistemlərin təhlükəsizlik mexanizmlərini dərinləşdirmək lazımdır”-deyə İ.Hüseynli vurğuladı.
İradə SARIYEVA