02/12/2020 07:49
728 x 90

Evlərdə müalicə alan viruslu xəstələrə ailə və ictimai nəzarət zəifdir - nə etməli...

Rauf Zeyni: “Əgər bu nəzarət yetərli deyilsə, zəifdirsə onda bu məsələ dərindən araşdırılmalı və nəzarət mexanizmi təkmilləşdirilməlidir”

img

Koronavirusa tutulan yüngül xəstələr ev şəraitində müalicə olunur. Yoluxanların evdən bayıra çıxması, ətrafla ünsiyyət qurması birmənalı şəkildə qadağan edilsə də, təəssüf ki, bəzi xəstələr ailə və ictimai nəzarətin zəifliyindən sui-istifadə edərək yaşadıqları yeri tərk edir, mağazalarda, ictimai nəqliyyatda görünürlər. Həmin şəxslər polis tərəfindən aşkarlandıqdan sonra barələrində müvafiq qaydalara uyğun ölçü götürülür.

Virusa yoluxan xəstələrə ailə və ictimai nəzarətin yetərincə olmaması yeni nəzarət mexanizminin yaradılması ideyasını gündəmə gətirir.

  • “Evlərdə müalicə alan viruslu xəstələrə bu qurumlarla yanaşı ailənin və cəmiyyətin də nəzarəti gücləndirilməlidir”

Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, viruslu xəstələrə nəzarətin daha da gücləndirilməsinə ciddi zərurət var. R.Zeyni vurğuladı ki, koronavirusa yoluxaraq ev şəraitində müalicə alan şəxslər birbaşa Nazirlər Kabineti yanında Operativ Qərərgahın və TƏBİB-in nəzarəti altında olmalıdır. “Evlərdə müalicə alan viruslu xəstələrə bu qurumlarla yanaşı ailənin və cəmiyyətin də nəzarəti gücləndirilməlidir. Amma bu nəzarət yetərli deyilsə, zəifdirsə, onda bu məsələ dərindən araşdırmalı və nəzarət mexanizmi təkmilləşdirilməlidir. Çünki virusa yoluxma halı yüngül olsa belə, bu virusa yoluxan və karantində olan şəxs heç vaxt ictimai yerlərdə görünməməli, ətrafla ünsiyyət qurmamalıdır. Nəzarətsiz qalan koronavirus xəstəsinin evdən bayıra çıxması saysız insanın virusa yoluxması, virusun yayılmasına təkan vermək deməkdir. Ona görə də, yoluxmanın qarşısının alınması üçün daha sistemli mübarizə aparmaq lazımdır. Bununla bağlı bütün təlimatlar var, sadəcə olaraq bütün təlimatların, qayda və qərarların icrasını təmin etmək lazımdır. Bu da çox ciddi məsələdir. Təbii ki, Operativ Qərargah, TƏBİB və digər məsul qurumlar icra etməli və ictimaiyyət də, ailə də burada yaxından iştirak etməli, KİV və QHT-lər də prosesə ictimai nəzarət funksiyasını yerinə yetirməli, maarifləndirmə işini təşkil etməlidir. Evi tərk edən koronaviruslu xəstələrin bu davranışlarını ictimailəşdirmək də QHT-lərin və KİV-lərin  üzərinə düşür. Biz hamımız birgə çalışıb problemin aradan qaldırılmasına nail olmalıyıq. Bu mənada biz də qeyri-hökümət təşkilatları da belə halları operativ şəkildə aidiyyatı qurumların diqqətinə çatdırmalıyıq ki, bu kimi hallar aradan qaldırılsın. Biz  “Özünü qoru”, “Cəmiyyəti qoru”, “Evdə qal, sağlam ol” kimi kampaniyalar aparıb ali məqsədimizi ortaya qoymuşuq. Amma bu gün  bu qədər görülən işlərdən sonra biz belə məsuluyyətsizliyə yol veririksə, onda doğrudan da bu çox ciddi xətadır və bu xətaları aradan qaldırmalıyıq”-deyə R.Zeyni qeyd etdi. 

Ekspertin fikirlərindən belə qənaətə gəldik ki, evlərdə müalicə alan xəstələrin yaşayış yerini tərk etməməsi və daha çox insanı virusa yoluxdurmaması üçün aidiyyəti qurumlarla yanaşı ailə də, ictimaiyyət də, KİV və QHT-lər də nəzarəti gücləndirməlidir.

İradə SARIYEVA 

Son xəbərlər