Cəlilabadın Göytəpə qəsəbəsində kütləvi karantin pozuntuları - siqnal yerli sakinlərin özlərindən gəldi…

“Cəlilabadda yaşayırıq, övladlarım koronavirusa yoluxub. Qohum-qonşunun ayağını evdən kəsmək olmur. El-obadan utanırsan, necə deyəsən gəlmə?! Heç kim karantin qaydalarını gözləmir. Xəstə-xəstə çölə çıxırlar, adamları yoluxdururlar. Maskasız gəzirlər, məsafə saxlayan yoxdur, hərə öz işindədir. Hazırda Göytəpədə, demək olar ki, ailələrin əksəriyyətində koronavirus xəstəsi var, hamı əziyyət çəkir. Burda da şəhərdəki kimi xəbərdarlıq eləsinlər, bu camaata dur desinlər”.
Bu sözləri Cəlilabad rayon sakini Ceyran Əliyeva redaksiyamıza ünvanladığı şikayətdə yazır. O qeyd edir ki, rayonda insanlar karantin rejiminə düzgün əməl etmir:“Burda qonşular, qohumlar arasında koronaya tutulanlar getdikcə çoxalır. Narahat oluruq. Məsələn, mənim ailəm riayət edirik, amma qonşuluqda olanlar heç nəyə baxmırlar. Qonaq gedirlər, toplaşırlar. Özü də maska taxmırlar, yayıblar xəstəliyi, olmaz axı belə. Bunlara görə biz niyə əziyyət çəkməliyik…”
- Rəvanə Əliyeva: “Televiziya vasitəsilə, sosial şəbəkələrdə maarifləndirmə işləri mütəmadi olaraq aparılır”
Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bizimlə söhbətində qeyd etdi ki, televiziya vasitəsilə, sosial şəbəkələrdə maarifləndirmə işləri mütəmadi olaraq aparılır:“Amma ayrı-ayrı rayonlarda, kəndlərin içində polisilər təbliğat aparır”.
- İlqar Hüseynli: “Karantin qaydalarına tək Cəlilabad rayonunda deyil, bir sıra bölgələrdə əməl olunmur”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, hələ də bəzi insanlar prosesin ciddiliyini tam anlamır:“Təəssüflər olsun ki, hələ də küçədə çoxlu sayda gəzən insanlar var. Onlar heç nə olmamış kimi sərbəst şəkildə qonaq gedib, insanlarla ünsiyyətdə olurlar. Təbii ki, belə olan halda virusa yoluxma sayı artır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, karantin tətbiq olunmayan bölgələrdə virusa yoluxmanın artmasının səbəblərindən biri insanların yas yerlərinə sərbəst şəkildə gedə bilməsidir:“Karantin qaydalarına tək Cəlilabad rayonunda deyil, bir sıra bölgələrdə əməl olunmur. Bölgələrdə xüsusi nəzarət tətbiq olunmalıdır”.
Sonda bildirək ki, koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən bütün lazımı addımlar atılır. Bu məsələdə insanlarımız da dövlətə öz dəstəyini göstərməlidir.
Günel CƏLİLOVA