08/08/2020 13:57
728 x 90

Kubadan çağırılmış həkimlər qrupu Azərbaycanın COVİD-lə mübarizəsinə böyük fayda verəcək...

img

Azərbaycanda koronavirusla mübarizə üçün xaricdən həkim qrupları gətirilib. Bu barədə Operativ Qərargahın brifinqində məlumat verilib. Qeyd edilib ki, yerli həkimlər artıq 4 aya yaxındır virusla mübarizə aparır. Bu dövrdə yorğunluq və tükənmə halları var. Eləcə də həkimlər arasında yoluxma və ölüm halları mövcuddur.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibə verən zaman bildirib ki, koronavirusun ilk başlanğıc nöqtələrindən biri Çindir və bu sahədə maraqlı təcrübəsi var:“Bugünə qədər çinli mütəxəssislərlə Azərbaycan tibbi heyəti arasında videokonfrans baş tutub. Düşünürük ki, çinli heyətin ölkəmizə gəlməsi və öz qabaqcıl təcrübələrini bizimlə bölüşməsi çox faydalı olacaq. Həmçinin, ölkəmizə Kubadan da mütəxəssislərin gəlməsi gözlənilir. Sual yarana bilər - niyə Kuba? Çünki bu ölkənin dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası yaranan zaman mütəxəssisləri öz bacarıqlarını ortaya qoyublar. İş prinsipi o formada qurulacaq ki, ayrıca səhiyyə ocaqları ayrılacaq və orada xaricdən gələn heyət azərbaycanlı heyətlə birlikdə çalışacaq”.

Ekspertlər də koronavirusla mücadilədə xaricdən mütəxəssis gətirilməsini müsbət qarşılayır. Məlumat üçün bildirək ki, ölkəmizə tək Kubadan deyil, eyni zamanda Türkiyə və Rusiyadan da həkimlər gəlib.

  • İlham Məmmədov:“Bu saat dünyanın ən inkişaf etmiş ölkələri bir-birindən dəstək alır, təcrübə mübadiləsi aparır”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov bildirdi ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətləri belə koronavirusla mübarizədə bir- birinə dəstək göstərir, yardım qəbul edirlər. “Pandemiya ümumbəşəri məsələdir. Rusiya və Türkiyədən mütəxəssislərin gəlməsi qəbuledilən bir şeydir. Bu saat dünyanın ən inkişaf etmiş ölkələri bir-birindən dəstək alır, təcrübə mübadiləsi aparır. Bu gün dünya xəstəliklə mübarizədə həmrəylik nümayiş etdirir. Biz həkimlərimizi təkmilləşməyə göndərir və bunun üçün mütəxəssis dəvət ediriksə, bu qınanmamalı, əksinə, təqdir edilməlidir. Çünki zamanla savaşırıq. Rusiya və Türkiyə də səhiyyə sistemində uğurlar qazanmış və oturuşmuş sistemə malik ölkələrdir. Dövlət başçısının göstərişləri olmasaydı, biz daha çox itkilərlə qarşılaşmış ola bilərdik. İndi atılan bu addımlar da daha böyük fəlakətlərin qarşısının alınmasına hesablanıb. Təcrübəli mütəxəssislərin dəvət edilməsi müsbət haldır və bunu başqa yerə yozmaq lazım deyil. Bu gün sənin-mənim, onun-bunun söhbəti yoxdur. Biz hamımız bəşəriyyətin övladlarıyıq və bu gün insanlığa qarşı təhdid var. Bu gün kimin hansı biliyi var, dəstək verməlidir”.

  • Adil Qeybulla:“Koronavirusla mübarizədə ən yaxşı təcrübələri mənimsəmək işin xeyrinədir”

Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, koronavirusla mübarizədə ən yaxşı təcrübələri mənimsəmək işin xeyrinədir. Bu cür qarşılıqlı yardım, əslində həm də humanitar yardımdır. Bunun neqativ tərəfi yoxdur.

Həkimin sözlərinə görə sadəcə olaraq, buna o halda getmək olardı ki, artıq ölkənin bütün resurslarından istifadə edilsin:"İndiki halda isə ölkənin bütün mütəxəssis resurslarından lazımınca istifadə olunmadı. Kubadan həkimlərin gətirilməsi xəstəliklə mübarizədə müsbət effekt verər. Nəzərə almaq lazımdır ki, Kuba virusla mübarizə sahəsində xüsusi təcrübəyə malikdir”.

Mütəxəssislər koronavirusla mübarizədə xaricdən həkim gətirilməsini müsbət qarşılayır. Xəstəliklə mübarizədə təcrübə mübadiləsinin aparılması təqdir olunur.

Günel CƏLİLOVA

Son xəbərlər