10/08/2020 19:43
728 x 90

Problemlər içində itib-batan dağ kəndi - Aküşəpeştə...

img

Aküşəpeştə Lerik rayonunun ucqar dağ kəndi olmaqla, ərazicə çox da böyük  deyil. Bərəkətli torpaqları, saf havası, zəhmətsevər, qonaqpərvər, etibarlı adamları ilə  yaxşı ad qoyub. Burada hansı qapını açsan, səmimiyyət  görərsən, qabağına bol süfrə açarlar. Onlar müstəqil Azərbaycanın hərtərəfli inkişafına ürəkdən sevinir, dövlət başçısına, onun apardığı xarici, daxili siyasətə böyük inam göstərirlər. Gileyləri isə yalnız rayon rəhbərlərinin bu yaşayış məntəqəsinə, eləcə də ətraf kəndlərə biganə münasibətindəndir. Bu yerdə kənd sakinlərinin özlərini dindirsək lap yerinə düşər.

 Güləli Quliyev kəndin ən hörmətli ağsaqqal ziyalısıdır. O, uzun illər müəllim işləyib, öz peşəsinin şərəfini uca tutmaqla bərabər, ictimai işlərdə fəal olmaqla el-obanın tərəqqisinə böyük zəhmət sərf edib. Güləli müəllim deyir:- Bu gün  Azərbaycanın öz dinamik inkişafı ilə dünya birliyində nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada durmasına bizim camaat da sevinir. Bəli,  Prezident İlham Əliyevin gecə-gündüz yorulmadan çalışması  hər bir vətəndaşın azad, firavan yaşaması üçündü. Qaldı ki, Lerikdə rəhbər vəzifədə olanların gözləri  özündən başqa heç kimi görmür. Nəticədə kəndlərdə həlli vacib olan sosial problemlər ilbəil qalaqlanır. Aküşəpeştə kəndi də belə. Dövlət əraziyə rahat yol çəkib. İctimai nəqliyyatın  yoxluğu üzündən ara sürücülər başımıza oyun açır. Bir manatlıq yolu on manata gedirik. Haçan gəldi kəndin işıqları söndürülür. On ildir mavi qaz məsələmiz yubadılır. Yanacaq  qıt  olduğu  üçün daha çox əziyyət çəkirik. Başqa problemlərimiz də var. Hələ ki, səsimiz rayon rəhbərlərinə çatmır. Öz Prezidentinə inanan camaat isə hər şeyə dözür. Əsas odur ki, vətən torpaqları azad edilsin. Buna da Ali Baş Komandamızın rəhbərliyi ilə tezliklə nail olacağıq...

 Kənd sakini Bəhruz Qafarov:- Belə baxanda, respublikamızda böyük quruculuq işləri görülür. Vətəndaşların rahatlığı üçün yeni-yeni sosial layihələr həyata keçirilir. Bizim dağ kəndində əksinədir. Sosial problemlərin əlindən çətin günə qalmışıq. Gündəlik qayğıları daim  üzərimizdə hiss edirik. Bu da, əsasən rayon rəhbərlərinin günahıdır. Kəndimizin qaz problemi həllini tapmadığından payız, qış ayları bizə çətin olur. İndi ümidi tək ölkə rəhbərinə bağlamışıq. O öz xalqının qayğısı ilə yaşayır. O üzdən problemlərimizin tez bir zamanda çözüləcəyinə əminik.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər