Dünyada koronavirusa yoluxma və ölüm hallarının sayında azalma müşahidə edilir. Bu günədək 11,957,736 virusa yoluxub, 546,791 nəfər isə ölüb. Bu tendensiya ölkəmizdə də müşahidə edilir. Açıqlanan son statistik rəqəmlərdə də bəlli olur ki, koronavirusa yoluxanların sayı ötən həftələrlə müqayisədə azalıb.
Belə ki, iyulun 5-də Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. İyulun 6-da 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər vəfat edib. İyulun 7-də isə ölkəmizdə 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Beləliklə, son günlərin statistikası göstərir ki, koronavirusa yoluxma faktı artan dinamika üzrə deyil, azalmağa doğru gedir. Bununda səbəbi tətbiq edilən sərt karantin rejimi ilə bağlıdır.
“Virusa yoluxmanın qarşısını alınması istiqamətində tətbiq edilən qaydalar yaxşılığa doğru dəyişir”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, indi yalnız Azərbaycan deyil, dünyanın bir çox ölkələri COVİD-19-un yayılmasının qarşısının alınması üçün yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər. Sevindirici haldır ki, görülən tədbirlər artıq müsbət nəticəsini göstərir: “Məlumdur ki, virusun yayılmasının qarşısının alınması üçün Azərbaycanda yoluxmanın qeydə alındığı ilk gündən qabaqlayıcı tədbirlər görülməyə başlanıldı. Bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 min nəfərdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda ölüm halı daha azdır: “Ölkədə epidemioloji vəziyyətə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlər görülür. Bu tədbirlərin icrası ilə bağlı qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır. Hazırkı dövrdə əhalinin də qaydalara əməl etməsi olduqca vacibdir. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ölkədə COVİD-19-a qarşı mübarizə aparmaq üçün bütün addımlar atılır. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onlardan 36-sı son müddət ərzində inşa edilib. Ölkədə ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur”.
Birlik sədrinin sözlərinə görə, virusa yoluxmanın qarşısını alınması istiqamətində tətbiq edilən qaydalar yaxşılığa doğru dəyişir. Virusa yoluxanların sayı azalır.
Beləliklə, ekspert yoluxma və sağalma saylarının bir-birinə yaxınlaşması tam nəzarət altında gedən prosesdir və dövlətin tədbirlərinin, həkimlərin fədakarlığının və cəmiyyətin məsuliyyətinin artmasının nəticəsi kimi görünür.
Günel CƏLİLOVA