08/08/2020 13:37
728 x 90

Lerik rayonunun Bradi kəndi hansı problemlər içində çabalayır...

img

Lerik rayonunda Bradi adında bir kənd vardır. Şərəfli keçmişi olan, sovet vaxtı səf-səf düzülən yaraşıqlı evlər, səfalı təbiəti ilə ətrafına nur səpən bu dağ kəndi 20-25 il olar ki, rayon rəhbərlərin yadına düşmür. Ögey münasibətin acı nəticəsindən yaranan maddi, mənəvi ehtiyac üzündən kəndin 60 faizi buradan baş götürüb gedibdir. Qalanlara da həyat toz-torpağın içində   sürünməkdən başqa bir şey deyil. Ən dəhşətlisi odur ki, uşaq qığıltısından qulaq tutulan evlərdən idi isə kimsəsiz qocaların ah-nalə səsləri eşidilir.

Kənddə insan kimi yaşamağa adi şərait belə yoxdur. Buranın sosial, mədəni-məişət xidmətləri  sovetlə birgə gedib. Gündə kəndin işıqları  on dəfədən çox söndürülür. Qazın verilməsi ildir ki, yubadılır. Bu gedişlə əhali on ildə gözləməli olacaqdır. Kənd daxili yollara bir balaca əl gəzdirmək səlahiyyət sahiblərini düşündürmür. Bankomatın, ictimai nəqliyyatın yoxluğu yaşlı adamlara böyük problemdir. Sovet vaxtı olan idman meydançası, tibb məntəqəsi, mağaza... üçün indi kənd sakinlərini sözün əsl mənasında göynədir. Təəssüf ki, həmin günləri yenidən yaşamağa  əllərdən heç nə gəlmir. Yandırmağa yanacaq tapmaq müşkül məsələdir. Odur ki, məcburiyyət qarşısında qalanlar 10-15 ilə becərdiyi meyvə ağacları kəsməli olurlar.

Texnikanın yoxluğu üzündən kəndin bərəkətli torpaqları əkilməmiş qalır. Nəticədə burada 50 kiloqram ün kisəsi 35 manata satılır. Doğrudur, kənd əhalisi bağ-bağçasında hər il müxtəlif ərzaq məhsullar əkirlər. Amma su olmadığı üçüm bütün əkin zay olub gedir. Halbuki rayon rəhbərliyi 10 il qabaq kənddə artezian quyusu qazılmağa söz vermişdir...

Soyuq münasibət artıq Bradi kəndinin axırına çıxıb. Kəndin taleyi rayon rəhbərləri narahat etmir. Ölkə başçısı isə hər bir vətəndaşın rahatlığı üçün gücə-gündüz çalışır. Məhz buna görə də bütün Azərbaycan xalq kimi, bradlilərdə öz Prezidentini həmişə ürəklə dəstəkləyir. Heyf ki, rayon rəhbərləri öz bəd əməlləri ilə görülən yaxşı işlərə xələl gətirirlər.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər