COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi, o cümlədən, bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə artıq xeyli müddətdir müxtəlif dövlət qurumları tərəfindən fəaliyyətinə icazə verilmiş sahələrdə xüsusi karantin şərtlərinə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir.
Monitorinqlər zamanı bir çox istehsal sahəsində, ticarət və xidmət obyektlərində müəyyən olunmuş qaydaların pozulması hallarına rast gəlinir, sahibkarlıq subyektləri tərəfindən müvafiq tələblərə etinasız, bir çox halda formal yanaşıldığı aşkarlanır.
İqtisadçı-ekspert Qalib Toğrul ticarət və xidmət sahələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunmasını günün vacib və təxirəsalınmaz addımı olduğunu bildirib: “İri supermarketlər istisna olmaqla, bu gün şəhərin əksər ticarət obyektində karantin rejiminin tələblərinə ya əməl olunmur, ya da qismən əməl olunur. Sahibkarlar anlamalıdırlar ki, obyektin girişində dezinfeksiyaedici məhlulların yerləşdirilməsi, işçilərin maska taxması, istehlaklçıların mağazalara növbə ilə girişinin təşkili onların sosial məsuliyyətidir. İstehlakçılar isə, öz növbələrində, fiziki məsafəni gözləməli, maska taxmalı və növbəliliyə riayət etməlidirlər ki, sıxlıq yaranmasın. Sahibkarlar onu da unutmamalıdırlar ki, bu bəladan qurtulmaq onların bizneslərinin normal vəziyyətə dönüşü üçün vacibdir. İstehlakçılar və sahibkarlar bu prosesdə bir-birinə nəzarət etməli, karantin rejiminin tələblərinə əməl olunmasına çalışmalıdırlar”.
Bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdirəcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək.
Baki-xeber.com