Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu (COVİD-19) pandemiya elan etdikdən sonra dünya ölkələri sağlamlığını qorunması məqsədilə preventiv tədbirlər görməyə başlayıb.
Azərbaycan da koronavirus təhlükəsinin ilk günlərindən bu məsələyə ciddi diqqət yetirir və qabaqlayıcı tədbirlər görür. Təsadüfi deyil ki, ÜST-ün ekspertləri Azərbaycanı hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri elan edib.
Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Bu sahədə görülən işlərə baxmayaraq virusa yoluxanların sayı artır. Məlumatlara görə, yoluxanlar arasında ailələr üstünlük təşkil edir. Yəni, son zamanlar ailəvi koronavirusa yoluxanların say artır.
“Ailə üzvlərindən biri haradasa virusa yoluxur və gəlib digərlərini də yoluxdurur, beləliklə ailəvi yoluxmaların sayı artır”
Professor, həkim ekspert Adil Qeybulla bildirdi ki, sanki insanlar karantin qaydalarına əməl etməməkdə maraqlıdır. Nəticədə virusa yoluxanların sayı günü-gündən artır. Bununda səbəbi insanların sadə qaydalara əməl etməməsidir: “Araşdırmalara görə, son zamanlar xəstəxanalara müraciət edənlər arasında ailələr üstünlük təşkil edir. İstər test və ya müalicə üçün müraciət edənlər arasında ailələr çoxluq təşkil edir. Bu o deməkdir ki, ailəvi yoluxmalar artır. Ailə üzvlərindən biri haradasa virusa yoluxur və gəlib digərlərini də yoluxdurur. Araşdırmalara görə, onların əksəriyyəti yas yerlərinə getdikdən, karantin qaydalarına zidd olaraq hansısa mənzildə təşkil olunan doğum günü məclislərində iştirak etdikdən sonra yoluxublar. Həmçinin insanların kütləvi toplaşdıqları yerlərə gedərək orada özləri yoluxub, sonra isə ailə üzvlərini yoluxdurublar. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, virusa yoluxmaqdan qorunmaq və yoluxma zəncirini qırmaq lazımdır. Bunun üçün sosial məsafə saxlamaq, lazı olmadıqca evdən çölə çıxmamaq, maska taxmaq lazımdır”.
Günel CƏLİLOVA