Yas mərasimləri xüsusilə rayon yerlərində koronavirusun yayıldığı əsas ocaqlardan birinə çevrilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyyətinin sədri Ramin Bayramlı da koronavirus xəstəsi olan qadınların çoxunun bu virusa yas mərasimlərində yoluxduğunu dilə gətirib.
Bu günlərdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yas mərasimlərinin məhdudlaşdırılmalı, ehsan mərasimlərinin dayandırılmalı olduğunu dilə gətirib. O, bildirib ki, rayon və kənd yerlərində yas çadırlarını icarəyə verən şəxslər də cəzalandırılmalıdır. Onun sözlərinə görə, yerlərdə dəfn mərasimlərini imamlar idarə etsinlər: "Yəni imamlar vəfat etmiş insanın yaxınları ilə birlikdə dəfnin islami qaydalara uyğun təşkilində iştirak edib bütün dini ayinləri orada icra etsinlər. Lakin sonradan ehsan vermək məqsədilə kütləvi toplaşmalar olacaqsa, həmin toplaşmanın məqsədəuyğun olmadığı vətəndaşların diqqətinə çatdırılsın və din xadimləri heç bir halda həmin toplantılarda iştirak etməsin".
Bununla belə rayon yerlərində, eləcə də paytaxt ərazisində yas mərasimlərinin keçirilməsi davam edir. Kütləvi yas mərasimlərinin keçirilməsinə necə son qoymaq olar?
Cəlal İsayev: “Rayon yerlərində yas mərasimlərində bu virusa yoluxma daha çoxdur”
Baş infeksionist Cəlal İsayev bildirdi ki, problemdən əsas çıxış yolu insanların maarifləndirilməsidir: “Rayon yerlərində yas mərasimlərində bu virusa yoluxma daha çoxdur. Bu da ondan irəli gəlir ki, paytaxtda yas mərasimlərinin keçirilməsinin qarşısı məyyən qədər alınsa da, rayonlarda bunu təmin etmək çox çətindir. Çünki rayon yerlərində insanlar bir-birinə daha çox gedib-gəlirlər. Rayonlarda, kəndlərdə qohumluq əlaqəsi olmasa belə, insanlar arasında münasibətlər olduğundan, onlar bir-birinin xeyir-şərində iştirak edirlər. Bundan əlavə, rayonlarda yas mərasimləri adətlərə uyğun keçirilir. Bu isə koronavirusa yoluxmanı artırır”.
Aytəkin Kamranqızı: “Kimsə bu qadağalara rəğmən yas çadırını kirayə verirsə, belə şəxslər barədə də tədbir görülməlidir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, kütləvi toplaşmaq hazırda ən təhlükə doğuran məqamdır: "Əgər kimsə bu qadağalara rəğmən yas çadırını kirayə verirsə, belə şəxslər barədə də tədbir görülməlidir. Amma ilk növbədə insanlar özləri şüurlu şəkildə bu təhlükəni anlayıb yas keçirməməlidir. Ehsan verib öz doğması qarşısında son borcunu yerinə yetirdiyini düşünən insanlar 30 nəfəri yoluxdurmağın məsuliyyətini də dərk etməlidirlər. Bu xüsusilə rayon yerlərində əhaliyə izah olunmalıdır. Qadınların əksəriyyəti yas yerlərində yoluxurlar”.
Günel CƏLİLOVA