Bildiyimiz kimi, pandemiya dövründə ölkə vətəndaşlarının sosial-maddi dayanıqlığının təmin edilməsi üçün dövlət tərəfindən çoxsaylı proqram, paket həyata keçirilir. Burada işsizlər və sosial cəhətdən zəif olan aztəminatlı ailələrə xüsusi diqqət yetirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-nin efrində bildirib ki, 190 manat birdəfəlik ödəmə ala bilməyən vətəndaşlara alternativ təkliflər edilir: “Birinci dəfə işsizlər və karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat) ala bilməyən vətəndaşlar nazirliyə müraciət edə bilər”.
Onun sözlərinə görə, müraciət edən şəxslər ictimai iş yeləri ilə təmin edilə bilər: “Burada minimum əməkhaqqı 250 manat təşkil edir. Həmin vətəndaşlar əmək müqaviləsi ilə işləyəcəklər. Onların sosial və işsizlik sığortası ödənilir, pensiya təminatı yaranır. Bu, iş axtaran şəxslərimizə təklif edilən bir istiqamətdir”.
Nazir, həmçinin, qeyd edib ki, 190 manat ödəmə şəffaf şəkildə həyata keçirilib: “İki ayda 600 min insanın hər birinin adı, soyadı nazirliyin internet səhifəsində yerləşdirilib. Sosial şəbəkə istifadəçiləri aktiv şəkildə o siyahını araşdırdı, sualları da cavablandırdıq. 190 manat üçün müraciət və ödənişin edilməsində vətəndaş - məmur ünsiyyəti olmayıb. Hər bir şey elektron şəkildə həyata keçirilib. İkinci ayın ödənişi isə vətəndaşlarımıza bank kartları ilə təqdim edildi. Sərt karantin elan olunan şəhər və rayonlarda olan insanlara 190 manatı bank kartlarına köçürüləcək”.
“Bu həm ehtiyacı olan ailələrin işləyərək müəyyən tələbatlarını ödəməsinə, həm də ictimai iş sektorunun inkişafına təkan verəcək”
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, tanınmış sosioloq Əhməd Abasbəylinin fikrincə, 190 manat birdəfəlik müavinət, yardım ala bilməyən vətəndaşlara ictimai iş yerlərinin təklif olunması çox mühüm bir məsələdir. Bunu müsbət qiymətləndirən Ə.Abasbəylinin sözlərinə görə, 190 manatı vətəndaş bir-iki, uzaqbaşı 3-4 dəfə ala bilər, amma ictimai işlə təmin olunması nəticəsində 250 manat əməkhaqqını işlədiyi müddətdə ala biləcək. “Əslində, dövlətin çətin gündə əhaliyə müxtəlif formada yardım göstərməsi çox önəmlidir, çox vacibdir. Biz bunu pandemiya dövründə yaxından müşahidə etdik. Dövlət tərəfindən vətəndaşlara həm birdəfəlik yardımlar ödənildi, həm də onların ictimai işlərlə təmin olunması həyata keçirilir. Bilirsiniz ki, əhalinin ehtiyacı olan təbəqəsinin bir çox hissəsi 190 manat birdəfəlik ödəmə aldı. Bu gün isə 190 manat birdəfəlik ödəmə ala bilməyən vətəndaşlara ictimai işin təklif olunması çox müsbət haldır. Hesab edirəm ki, dövlətin bu alternativ təklifinə vətəndaşlar əhəmiyyət verməli və ictimai işlərdə çalışmaqda maraqlı olmalıdırlar. Bilirsiniz ki, Azərbaycanda ictimai iş yerlərinin yaradılmasına hələ bir müddət əvvəldən başlanıb və son zamanlar da ictimai iş yerlərinin sayı artırılıb. Fikrimcə, əlavə olaraq yeni ictimai iş yerləri açılacaq və işsiz insanlar buraya cəlb ediləcək. İctimai işlərin əhəmiyyəti bir neçə istiqamətdə çox müsbətdir, təqdirəlayiqdir. Bu həm ehtiyacı olan ailələrin işləyərək müəyyən tələbatlarını ödəməsinə, həm də ictimai iş sektorunun inkişafına təkan verəcək. İctimai işlərə yaşıllaşdırma, təmizlik işləri, sosial işlər və sair daxildir. Bu, eyni zamanda, həm də dövlətimizin özü üçün faydalı bir işdir”
Ə.Abasbəyli hesab edir ki, ictimai iş sektorunun inkişafı dövlətlə yanaşı, vətəndaşlar üçün də faydalıdır. Ə.Abasbəyli qeyd etdi ki, bu ictimai işlər uzunmüddətli olacaq və insanların daimi işlə təmin olunması, yaxud gələcəkdə daha yüksək maaş müqabilində başqa bir iş tapması üçün əhəmiyyətlidir. “İnsanlar 250 manatlıq maaşla ictimai işlərdə çalışmaqla sonradan özlərinə daha yüksək maaşlı işlər tapa bilər. İctimai işlərə cəlb olunmaqla həm də ailələrinin minimum ehtiyaclarını ödəyə biləcəklər. Hesab edirəm ki, vətəndaşlar ictimai işlərə maraq göstərməlidirlər” - deyə Ə.Abasbəyli vurğuladı.
İradə SARIYEVA