09/08/2020 12:01
728 x 90

Yoluxmuş şəxsin çıxışa SMS müraciəti rəsmən cinayət hərəkəti kimi tanındı

Könül İsmayılova: “Koronavirusa yoluxan şəxs xəstə olduğunu bildiyi halda SMS-lə icazə alıb küçəyə çıxırsa, məsuliyyətə cəlb olunmalıdır”

img

COVID-19 dünyada yenidən alovlanmağa başlayıb. Buna səbəb kimi bir çox ölkədə sərt karantin rejiminin yumşaldılması və əhalinin tələb olunan qaydalara lazımınca riayət etməməsi göstərilir. Yer üzünü bürümüş bu bəlanın nə zaman sovuşacağı isə bəlli deyil. Azərbaycanda koronavirusla ilk zamandan aparılan effektiv mübarizə ölkəni yaşanması mümkün olan faciədən qorudu və biz bu təhlükədən az itkilərlə çıxa bildik. Buna görə də qısa zamanda virusdan sağalanların sayı yoluxanların sayını xeyli üstələdi.

Təəssüf ki, ölkəmizdə də sərt karantin rejiminin yumşaldılması ərəfəsində bəzilərinin pandemiyanın şərtlərinə uyğun davranmaması yoluxma sayında artıma səbəb oldu. Buna görə də vətəndaşların sağlamlıqlarının qorunması üçün ölkədə yenidən karantin rejimi uzadıldı və bəzi rayon və şəhərlərdə sərt karantin tətbiq edildi. Buna görə hazırda ölkəmizdə virusa yoluxma sayında müəyyən stabilləşmələr müşahidə olunur.

Virusa yoluxanların sayının artması səbəblərindən biri də adıçəkilən xəstəlikdən əziyyət çəkən şəxslərin özlərini təcrid etməməsidir. Belə ki, xəstəlikdən əziyyət çəkən şəxslərin bəzisi hələ də sərbəst şəkildə küçədə gəzir, marketlərə gedirlər. Həmin şəxslərin məsuliyyətsizliyi nəticəsində virusa yoluxanların sayı artır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov media nümayəndələrinə açıqlamasında deyib ki, yoluxan şəxsin bilə-bilə SMS icazə alması cinayətdir: “Həmin şəxslərə özlərini təcrid etmələri barədə məlumat verilirsə, ona birmənalı şəkildə riayət edilməlidir. Bu, birbaşa məsuliyyət məsələsidir. Bu qaydaları bilərək pozan şəxslər cinayət məsuliyyəti daşıyırlar. Artıq bununla bağlı bəzi məlumatlar da paylaşılıb”.

  • “Koronavirusa yoluxan şəxs ətrafında olan insanların sağlamlığı üçün müəyyən müddətlik özünü təcrid etməlidir”

Psixoloq Könül İsmayılova bildirdi ki, koronavirusa yoluxan şəxs ətrafında olan insanların sağlamlığı üçün müəyyən müddətlik özünü təcrid etməlidir. Təəssüflər olsun ki, bəzi şəxslər bu qaydalara məhəl qoymurlar. Sərbəst şəkildə marketə gedir, qohumlarını ziyarət edirlər. O adamlar öz məsuliyyətlərini dərk etmirlər. Koronavirusa yoluxan şəxs xəstə olduğunu bildiyi halda SMS-lə icazə alıb küçəyə çıxırsa, məsuliyyətə cəlb olunmalıdır: “Koronavirusa yoluxmamaq üçün hər bir vətəndaş əlindən gələni etməlidir. Bu gün bizim əsas işimiz dövlətin qərarlarına, Prezidentin çağırışlarına əməl edib evdə oturmaq və evimizin içindən dövlətə, cəmiyyətə faydalı olmaqdır. Amma çox təəssüf ki, bəzi vətəndaşlarımız öz vəzifələrinə çox məsuliyyətsiz yanaşır və zərurət olmadan küçəyə çıxırlar. Bütün bəşəriyyəti caynağına alan bu xəstəlik qarşısında hamımız acizik, hamı bu virusa qarşı mübarizə aparmalı, təlimatlara əməl etməlidir. İnsanlar nə qədər çox evdə qalsalar, bir o qədər də yoluxma halları azalacaq, onlar öz iradəsi ilə sanki bu xəstəliyin qarşısına baryer çəkmiş olacaqlar. Dəfələrlə ölkə başçısı çağırışlar etdi, insanları dövlətin qərarlarına əməl etməyə səslədi, ziyalılar, KİV bu sahədə təbliğat, maarifçilik işləri apardılar. Çox təəssüf ki, bəzi vətəndaşların məsuliyyətsizliyi bu sahədə inzibati yollara əl atılmasına səbəb oldu”.

Günel CƏLİLOVA

Son xəbərlər