11/08/2020 23:33
728 x 90

Koronavirusla mübarizəyə poliklinikalar da qoşulur – xəstəxanaların yükü azalacaqmı...

Rasif Bağırov: “Evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur”

img

Məlum olduğu kimi, koronavirusla mübarizəyə poliklinikalar da qoşulur. Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov media nümayəndələrinə verdiyi açıqlamada qeyd edib ki, Səhiyyə Nazirliyinin təqdim etdiyi tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvanlardan müvafiq poliklinikalarla əlaqə saxlayacaqlar:

"Poliklinikanın mütəxəssisləri vətəndaşın vəziyyətini ilkin olaraq qiymətləndirəcək və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma risqini artıran digər faktorlar (məsələn, təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma risqi olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək. Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən, simptomsuz pasientlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasientlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi, onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya olunacaq. Poliklinikalar COVID-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini davam etdirir. Yəni dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasientlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər”.

  • Şəxsin COVID-19-a yoluxma faktı təsdiqlənibsə...

Koronavirusla mübarizədə poliklinikaların bu işə qoşulmasının xəstəxanalara nə kimi köməklik göstərəcəyini öyrənmək məqsədilə həkim-ekspert Rasif Bağırova müraciət etdik.

O qeyd etdi ki, evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur. Şəxsin COVID-19 a yoluxma faktı təsdiqlənibsə, qeydiyyata alınıbsa, bu dərmanlar ona çatdırılacaq. Ev şəraitində müalicə edilən xəstələrin dərman təminatı məsələsi həll olunacaq. Ev şəraitində müalicə edilənlər COVID-19-a yoluxan, ancaq simptomsuz və yüngül əlamətləri olan, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ev şəraitində müalicəsini davam etdirən xəstələri müalicə edən həkimlərin və tibb bacılarının ya hansısa bir poliklinikada, ya da başqa bir yerdə ayrıca qərargahı yaradılmalıdır. Çünki həmin tibb işçiləri, həkimlər evlərə gedib xəstələrlə təmasda olurlar, sonradan o infeksiyanı evlərinə, ailələrinə daşıması təhlükəsi yarana bilər. Odur ki, onlar xüsusi qərargahda oturmalı və xəstələrə nəzarət etmək üçün oradan getməlidirlər.

Günel CƏLİLOVA

Son xəbərlər