Macarıstanda oxuyan azərbaycanlı tələbələr üçün ağır vəziyyət yaranıb...

Macarıstanda dövlət təqaüd proqramı ilə təhsil alan azərbaycanlı tələbələr üçün yaranmış çətinlik barədə poçtamıza göndərilmiş xəbərlə bağlı araşdırma apardıq. Macarıstandakı səfirliyimiz də problem yarandığını təsdiqlədi və problemi həll etmək üçün öz imkanları daxilində olan vasitələrdən istifadə etdiklərini təsdiqlədilər.
Problem ondadır ki, Macarıstanda dövlət təqaüd proqramı əsasında təhsil alan və yataqxana ilə pulsuz təchiz edilən tələbələr tədris ili iyunun sonunda bitdiyi üçün yataqxanalardan çıxarılıblar. Əsasən Budapeşt universitetlərində təhsil alan azərbaycanlı tələbələr bu problemi yaşayırlar. Tələbələr məlumat verirlər ki, yataqxanadan çıxarılan tələbələr paytaxt Budapeştdə mənzil kirayəsi baha olduğu üçün Macarıstanın əyalət şəhərlərinə üz tuturlar. Əyalət şəhərlərinə axışan tələbələr əsasən həmin şəhərlərdə kirayədə yaşayan azərbaycanlı tələbə tanışlarının yanına sığınırlar. Təbii ki, heç də bütün tələbələr bu imkana sahib deyillər. Beləcə, yataqxanadan çıxarılmış tələbələr çox çətin vəziyyətə düşüblər. Ayrıca kirayə mənzil tutmaq isə çoxları üçün praktik qeyri-mümkündür.
Səfirlikdən bu problemin mövcudluğunu təsdiqlədilər. Əlavə edildi ki, məlum pandemiya ilə əlaqədar tədris ilini başa vuran tələbələrin Azərbaycana qayıtması hələlik mümkünsüzdür, çarter reyslərinin təşkili isə səfirliyin səlahiyyətlərində olmayan məsələdir.
Bununla belə, səfirlik əməkdaşları şəxsi təşəbbüs qaydasında tələbələrə cüzi də olsa yardım etməyə çalışdıqlarını bildirdilər ki, məsələyə aydınlıq gələnə kimi tələbələr yaşaya bilsinlər. Bu məsələdə isə aydınlaşma iki halda ola bilər. Ya Macarıstan hökuməti tələbələrin yataqxana ilə təminatını yay dövründə də davam etdirməli, ya da çarter reysləri təşkil edilməlidir.
Məlumata görə, çətinlik 150-yə yaxın tələbəni haqlayıb.
Macarıstandakı tələbələr yaranmış vəziyyətin müvəqqəti olduğuna və bütün dünyada öz vətəndaşlarına sahib çıxdığını pandemiya dövründə xüsusilə bacarmış Azərbaycan hakimiyyətinin bir çıxış yolu tapacağına, çətinlikdə qalmış tələbələrimizin qayıtmasına dəstək olacağına inanırlar.
Baki-xeber.com