11/08/2020 23:30
728 x 90

Sərt karantin qaydaları olmayan bölgələrimizdə insanlar koronavirus təhlükəsinə tam saymazyana yanaşır...

Elşən Həsənov: “Sosial şəbəkələrdə yayılan videolardan görürük ki, bölgələrdəki bəzi otellər hətta şou proqramlar təşkil edib konsert verirlər”

img

Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniştərkibli Respublika videomüşavirəsi keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, müşavirədə Azərbaycan Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak edib. Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.

Karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edən Baş nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Baş nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.

Doğrudan da sərt karantin rejimi tətbiq edilməyən rayonlarda bir qədər fərqli atmosfer hökm sürürdü. Hətta fərq o qədər nəzərə çarpırdı ki, sərt karantin rejimi altında olan bölgələrimizdən əhali karantin rejimi olmayan rayonlara istirahətə yollanırdı. Görünür, bu amil hökuməti ciddi narahat edib ki, sərt karantin rejimi tətbiq edilməyən rayonların icra başçıları qarşısında yeni tapşırıqlar qoyulub. Bunun vəziyyətə nə kimi təsiri ola bilər?

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu vəziyyətə doğrudan da hökumətin ciddi müdaxiləsi lazım idi:“Azərbaycanın hüdudları elə də böyük deyil. Bizim ölkənin bir başından digərinə bir neçə saat vaxt ərzində avtomobillə çatmaq mümkündür. Bu pandemiya isə sərhəd tanımır və onları tez aşa bilir. Hansısa rayonda sərt karantin qaydalarının tətbiq edilməməsi o anlama gəlmir ki, orda kim nə istədi, onu da etməlidir. Vətəndaşlar bu məsələdə hokuməti başa düşməlidir. Hazırda bu bəla ilə bütün rayonlar, vətəndaşlar səviyyəsində mübarizə aparmalıyıq. Hökumətin sərt qaydaları bütün ölkə boyu tətbiq etməməsinin başqa səbəbləri də var. Hazırda kənd təsərrüfatı üçün əkin-biçin zamanıdı. Onsuz da bizə ciddi ziyan dəyib. Heç olmasa kəndlini, fermeri tam batmağa qoymamalıyıq. Ona görə rayonlarda bu işlərin görülməsinə şərait yaradılır. Bu o anlama gəlmir ki, paytaxta yaşayanlar sərt karantindən ,  gedib  həmin rayonlarda istirahət etməlidir. Sosial şəbəkələrdə yayılan videolardan görürük ki, bölgələrdəki bəzi otellər, hətta şou proqramlar təşkil edib konsert verirlər. Ətraf uşaqlarla dolu olur, heç bir sosial məsafə gözlənilmir. Kim zəmanət verə bilər ki, paytaxtda yoluxan şəxs gedib bölgələrdəkiləri yoluxdurmayacaq? Keçirilən müşavirəni izlədim. Geniş tərkibdə keçirilən həmin müşavirədən sonra əlaqədar qurumların sərt karantin altında olmayan rayonlarda da  nəzarəti gücləndirəcəyinə, lazımi tədbirlər görəcəyinə ümid edirik. Xüsusilıə də bölgələrdəki istirahət mərkəzləri və otellərin fəaliyyətinə ciddi nəzarət edilməlidir”.

Xüsusilə də həftə sonları paytaxtın bütün çıxışlarında yaranan kilometrlərlə tıxac bu mənzərəni aydın canlandırırdı. Nəyə tələsirik, hara qaçırıq? Gedib rayonlardakıları da yoluxdurmağamı...

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər