Ölkəmizdə koronavirusa yoluxan xəstələrin müəyyən qismi xəstəxanaya göndərilmir və onlar ev şəraitində müalicə olunurlar. Əvvəlcədən qeyd edək ki, dünyanın bir çox ölkəsində bu praktika var və yoluxan şəxslərin bir qismi evlərdə, xüsusi izolyasiya olunmuş otaqda müalicəsini davam etdirir.
Nə üçün virusa yoluxan bütün xəstələr xəstəxanalarda yerləşdirilmir, onların müalicəsi ev şəraitində həyata keçirilir?
Məlum olduğu kimi, yoluxan xəstələrin hamısının xəstəxanaya yerləşdirilməməsi səbəbsiz deil. Belə ki, mövcud vəziyyətdə daha çox ağır vəziyyətdə olan xəsdtələr xəstəxanalara yerləşdirilir və onların burada müalicəsi reallaşdırılır. Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələrin isə həkim nəzarəti altında evdə müalicə alması göstərilir. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub.
Evdə qalan xəstələrin vəziyyətinə kimin nəzarət etməsinə gəlincə, karantin şəraitində olan bu xəstələrə kənar mühitlə təmas, əlaqə birmənalı olaraq qadağandır və onlar müalicə prosesi başa çatana, sağalana qədər bu şəraitdə, sosial təcrid vəziyyətində qalmalıdır ki, bayıra çıxıb başalarını da yoluxdurmasınlar. Sözsüz ki, ev şəraitində müalicə alan xəstələrə müvafiq poliklinikaların həkimləri tərəfindən nəzarət edilir, onlar həm də müalicələrini davam etdirirlər. Onlara müalicə təyin edilir, müalicənin aparılmasına nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir. Xəstənin vəziyyəti diqqətdə saxlanır, testlər götürülür.
Evdə qalan xəstələrə ailənin, yaxınlarının və bütövlükdə, cəmiyyətin nəzarət etməsi təsbit olunur, belə xəstələrə həm ətrafı, həm də cəmiyyət məsuliyyətlə yanaşmalıdır. Çünki onlara nəzarətdə ailənin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Koronavirusa yoluxaraq ev karantini şəraitində müalicəsi məqsədəuyğun hesab edilmiş xəstələr mövcud qaydaların tələblərini pozaraq digər şəxslərin həyatını təhlükəyə atmalarının məsuliyyətini dərk etməlidirlər. Digər tərəfdən, hazırkı SMS icazə rejimində analiz nəticələri pozitiv çıxmış şəxslərə bu və ya digər səbəbdən yaşadıqları ünvanı tərk etməyə icazə verilmir. Onların karantin rejiminə riayət edib-etməməsinə sahə həkimləri tərəfindən nəzarət olunur.
“Ev şəraitində müalicəsini davam etdirən xəstələri müalicə edən həkimlərin və tibb bacılarının ya hansısa bir poliklinikada, ya da başqa bir yerdə ayrıca qərargahı yaradılmalıdır”
Tanınmış tibb mütəxəssisi professor Adil Qeybulla “Bakı-Xəbər”ə bildirdi ki, ambulator müalicənin dünyada özünü doğrultmuş təcrübəsi var. “Mən virusun yayıldığı ilk dövrlərdə də təklif etmişdim ki, vəziyyəti ağır olmayan xəstələr ev şəraitində, xüsusi rejimdə müalicə edilməlidirlər. Azərbaycanda virusa yoluxan xəstələrin bir qisminin evdə müalicəsinin təşkil edilməsi tam əsaslıdır. Ev müalicəsinin adı ambulator müalicədir. Ambulator müalicə də ciddi həkim nəzarəti altında həyata keçirilməlidir. Evdə müalicə o demək deyil ki, xəstə evdədir və istədiyi hərəkəti edə bilər. Evdə müalicə alan xəstələr mütəmadi olaraq ciddi həkim nəzarətində olmalıdırlar. Poliklinika həkimləri, sahə həkimləri bu cür xəstələrə ciddi nəzarət etməli və dərmanlar təyin etməlidirlər. Ambulator müalicə odur ki, xəstə xəstəxanada yox, evdə yatır və o, həkimin nəzarətindədir. Sadəcə olaraq, həkim nəzarəti düzgün təşkil olunmalıdır, həkimlər xəstələrə ciddi nəzarət etməlidirlər. Hesab edirəm ki, bu proses vahid mərkəzdən idarə olunmalıdır. Düşünürəm ki, prosesin bir rəhbərlikdən idarə olunması daha məqsədəuyğundur. Digər tərəfdən, ambulator müalicə işinə cəlb edilən həkim kontingenti xüsusi seçilməlidir. Hesab edirəm ki, indiki halda müalicə prosesində iştirak edən sahə və poliklinika həkimlərinin reyestri yaradılmalı, onlar siyahıya alınmalıdır. Eyni zamanda da onların koronavirus infeksiyası vaxtı maas indeksi müəyyənləşməlidir. Yəni onlar adi maaşla işləyə bilməzlər. Bütün bu proseslər, tibb bacıları nəzərə alınmalıdır. Ev şəraitində müalicəsini davam etdirən xəstələri müalicə edən həkimlərin və tibb bacılarının ya hansısa bir poliklinikada, ya da başqa bir yerdə ayrıca qərargahı yaradılmalıdır. Çünki həmin tibb işçiləri, həkimlər evlərə gedib xəstələrlə təmasda olurlar, sonradan o infeksiyanı evlərinə, ailələrinə daşıması təhlükəsi yarana bilər. Odur ki, onlar xüsusi qərargahda oturmalı və xəstələrə nəzarət etmək üçün oradan getməlidirlər” - deyə A.Qeybulla bildirdi.
İradə SARIYEVA