Bu gün koronavirus infeksiyası ilə bağlı informasiyalar demək olar ki, bütün ölkələrin gündəmini zəbt edib. Dünyada yeni növ koronavirusa yoluxanların sayı 9 milyon 533 min 443 nəfərə çatıb. Virusdan ölənlərin sayı 485 min 160 nəfərdir. İndiyədək 5 milyon 179 min 398 nəfər xəstəlikdən sağalıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.
Koronavirusdan əziyyət çəkəb ölkələr arasında ölkəmiz də yer alır. Karantin rejimi yumşalandan sonra virusa yoluxanların sayı artdı. Bunun səbəbi də insanların karantin qaydalarına riayət etməməsidir. Qaydalar isə çox sadədir - lazım olmadıqca evdən çölə çıxmamaq, tibbi maska taxmaq, sosial məsafəni saxlamaq və gigiyenik qaydalara riayət etmək. Ancaq bəzi vətəndaşlar bu qaydalara əməl etmirlər. Onlar ictimai, qapalı məkanlarda olarkən nə sosial məsafə saxlayır, nə də tibbi maskadan istifadə edirlər. Nəticədə isə koronavirusa yoluxanların sayı dayanmadan artır.
Mütəxəssislər koronavirusa yoluxmanın daha çox ictimai məkanlarda qeydə alındığını bildirirlər.
“...ehtiyac olmadığı təqdirdə ictimai yerlərdən istifadə edilməməlidir”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, artan yoluxma sayı pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən effektiv tədbirləri minimuma endirir və bu, davam edərsə, daha acı nəticələrlə üzləşəcəyimiz barədə SOS siqnalı verir. Məsələnin ən təhlükəli tərəfi isə bir sıra məsuliyyətsiz şəxslərin hələ də vəziyyətin ciddiliyinə, kritikliyinə etinasız yanaşmasıdır. Belələrinin xüsusi karantin rejimi qaydalarını pozmasıdır, ictimai yerlərdə məsafə saxlamaması, qapalı məkanlarda maskadan istifadə etməməsidir. Bu qaydaların həyati əhəmiyyətinin mahiyyətinə varmayaraq, sadəcə, cərimələnməmək, polisə yaxalanmamaq üçün formal olaraq üzərində maska gəzdirməsi, min bir bəhanə ilə qaydaları pozmaq cəhdidir. Çox sadə qaydalara əməl edərək yaşamaq əvəzinə, bütün ölkəni, insanları təhlükəyə sürüməyə davam etməsidir: “Hər kəs ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə etməli, məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməlidir. Bunlarla yanaşı, qaydalara riayət etməyənlərə qarşı ictimai qınaq olmalıdır. Yalnız bu cür, təhlükəyə və təhlükə yaradanlara qarşı birgə mübarizə apararaq, həmrəy olaraq müsbət nəticə əldə etmək mümkündür. Gözləməməliyik ki, hər yerdə imdadımıza polis yetişsin”.
Həmsöhbətimiz onu da vurğuladı ki, hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlükə yaratmaqda davam edirlər: “Karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım, ilk növbədə, məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır. Ehtiyac olmadığı təqdirdə ictimai yerlərdən istifadə edilməməlidir”.
Günel CƏLİLOVA