10/07/2020 04:26
728 x 90

Karantin qaydalarının pozulmasına görə hətta həbslər də zəruri sayıldı…

Rüfət Quliyev: “Koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərindən olmalıdır”

img

Koronavirus pandemiyası ilə mübarizəyə dövlətimiz bütün imkanlarını səfərbər edib. Məhz dövlətimizin düzgün və vaxtında yanaşmasının göstəricisidir ki, Azərbaycanda pandemiya nəzarət altında saxlanır. Amma bu mübarizədə təkcə dövlətin fəaliyyəti kifayət etmir. Bu prosesdə vətəndaşlar da yaxından iştirak etməlidirlər. Amma bir qisim insan bu prosesdə nəinki iştirak etmir, hətta aparılan uğurlu proseslərə ləkə gətirmək yolunu tutub.

Qeyd etdiyimiz kimi, bəzi şəxslər bilərəkdən karantin qaydalarını pozurlar. Qaydalara əməl etməyən şəxslər də qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılırlar. Belə ki, bu günlərdə Ağdaşda karantin qaydalarını pozaraq məclis təşkil edən obyekt sahibi inzibati həbs olunub. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən olunub. Həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs edilib.

Qeyd edək ki, xarici ölkələrdə də karantin qaydalarına məhəl qoymayan şəxslər sərt şəkildə cəzalandırılırlar. Karantinə əməl etməyənlər ya inzibati qaydada, ya da həbs olunaraq cəzalandırılırlar. Analoji halın ölkəmizdə də tətbiq olunması ekspertlər tərəfindən təqdir olunur.

  • “Sosial tələbləri yerinə yetirməyən, ictimai qınağa əhəmiyyət verməyən və ya yersiz münaqişəyə zəmin yaradan insanlar böyük məbləğdə cərimələnərlərsə...

Millət vəkili Rüfət Quliyev qeyd etdi ki, koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərindən olmalıdır. Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Xüsusilə  fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar. İctimai nəzarət və ictimai qınaq ön plana çəkilməli, xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olunmalıdır. Koronavirus infeksiyasından qorunmanın vacibliyi günümüzün əsas mövzu olmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Təbii ki, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər: “Koronavirusla mübarizədə ictimai qınaq sosial məsuliyyətsizliyin qarşısının alınmasında effektiv olsa da, kifayət etmir. Sosial tələbləri yerinə yetirməyən, ictimai qınağa əhəmiyyət verməyən və ya yersiz münaqişəyə zəmin yaradan insanlar böyük məbləğdə cərimələnərlərsə, qaydaları pozan digər vətəndaşlar da koronavirusla mübarizə çərçivəsində tələb olunan qaydalara riayət edərlər”.

Günel CƏLİLOVA 

Son xəbərlər