12/07/2020 00:49
728 x 90

Dövlət aztəminatlılara 190 manat “pandemiya dəstəyini” bu dəfə də kəsmədi

Vüqar Bayramov: “Fərdi sahibkarların dəstəklənməsi vergi güzəştləri və güzəştli kreditlər formasında davam etdiriləcək”

img

Məlum olduğu kii, Azərbaycanda karantin rejimi tətbiq olunan şəhər və rayonlarda aztəminatlı işsizlərə birdəfəlik yardımın verilməsi bərpa edilib. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə daha əvvəl işsiz kimi qeydiyyatdan keçmiş şəxslər iyun ayı üzrə 190 manat məbləğində birdəfəlik ödəmə alacaqlar.

Bu qərardan sonra isə insanları ən çox maraqlandıran suallardan biri də fərdi sahibkarlara birdəfəlik ödəmənin bərpa olunub-olunmayacağı ilə bağlıdır.

  • “İkihəftəlik karantin rejiminin fərdi sahibkarlıq fəaliyyətinə təsirləri qiymətləndiriləcək, bu istiqamətdə də fəaliyyət həyata keçirilir”

Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, fərdi sahibkarların yalnız birdəfəlik maliyyə dəstəyilə deyil, eyni zamanda, dolayı təşviqedici vasitələrlə dəstəklənməsi həyata keçirilir: "Məlumdur ki, fərdi və mikrosahibkarlara yardım edilən zaman onların ötən il üzrə ödədiyi vergiyə uyğun dəstəyin göstərilməsi müəyyən olunub. Bu zaman ödənilən məbləğ 5000 manatadək ola bilir. Aprel ayında tətbiqinə başlanan proqramın məqsədi sahibkarların ötən il ödədikləri vergiyə uyğun dəstək almasını təmin etmək idi. Digər tərəfdən, hökumət tərəfindən fərdi sahibkarlar üçün vergi güzəşti tətbiq olunub. Xüsusən də sabit qəbzlə fəaliyyət göstərən fərdi sahibkarların və digər kiçik sahibkarların vergi məbləği orta hesabla 2 dəfə azaldıldı. Belə ki, 2021-ci il yanvarın 1-nə qədər həmin sahibkarlar 2 dəfə az vergi ödəyəcəklər. Bu da onların xərclərinin azaldılması məqsədi daşıyır".

Həmsöhbətimiz onu da əlavə etdi ki, sahibkarlar üçün aşağı faizli kreditlər təklif olunacaq: “Sahibkarlar üçün 500 milyon manatlıq kredit portfeli təsdiq olunub. Bu zaman yalnız iri, orta, kiçik sahibkarların deyil, fərdi sahibkarların da bu kreditə müraciət imkanı yaradılacaq. Fərdi sahibkarların dəstəklənməsi vergi güzəştləri və güzəştli kreditlər formasında davam etdiriləcək. İkihəftəlik karantin rejiminin fərdi sahibkarlıq fəaliyyətinə təsirləri qiymətləndiriləcək. Bu istiqamətdə də fəaliyyət həyata keçirilir. Çünki İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq pandemiya dövründə virusun sahibkarlara təsirləri qiymətləndirilir və buna uyğun qərarlar qəbul edilir. Təbii ki, 190 manat alan vətəndaşlarımız işsiz vətəndaşlar olduğu üçün, onların birbaşa dəstəyə ehtiyacları var. Bu, sosial addımdır. Növbəti dövrdə fərdi sahibkarlara daha hansı güzəştlərin edilməsi birbaşa yeni təsirlərin qiymətləndirilməsindən asılı olacaq. Lakin qeyd etmək lazımdır ki, vergi dərəcələrinin azaldılması fərdi sahibkarların xərclərinin kəskin azalmasına gətirib çıxaracaq. Eləcə də bu güzəşt onlara karantin tədbirləri yumşaldıldıqdan sonra öz fəaliyyətlərini qısa zamanda bərpa etmək və gəlirləri optimallaşdırmaq baxımından əhəmiyyətli olacaq. Bütövlükdə, sahibkarlar, eyni zamanda, fərdi sahibkarlar mütəmadi olaraq dövlət dəstəyindən istifadə edirlər. Həm pandemiya, həm də postpandemiya dövründə bu dəstəyin güclənəcəyi gözlənir".

Günel CƏLİLOVA

Son xəbərlər