"Bir tərəfdə Bəhram Bağırzadənin xəstəliyinə inanmayan insanlar, digər tərəfdə isə yaşaması üçün dəridən-qabıqdan çıxan tibbi heyət. Bir tərəfdə bu şoudur deyən kəslər, digər tərəfdə 19/06/2020 tarixli xarici ekspert rəylərində “bir faiz belə yaşama şansı yoxdu” açıqlamasını eşidib üzülənlər və kədərlənənlər...".
Baki-xeber.com-un xəbərinə görə, bunu "COVID-19" infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib. R.Mahmudov qeyd edib ki, günlərdir koma vəziyyətində reanimasiyada yatan Bəhram Bağırzadənin səhhətində müsbətə doğru dəyişiklik var:"Ağ ciyər fəaliyyəti yavaş-yavaş bərpa olunur. Ümidlərimizin tükəndiyi anda, “ağ ciyər transplantasiyası, yoxsa mezenkimal kök hüceyrə” kimi fərqli spekulyativ müzakirələrin aparıldığı şəraitdə Bəhram qardaşımız yaşamaq uğrunda mübarizə apardı və bu hələ də davam edir". "Tezliklə şəfa tapmağını, gözlərini yenidən açmağını və ayağa qalxaraq yayılan bütün şayiələrə özünün açıqlama verməsini diləyirəm... Tanrı Sizləri, Dövlətimizi və Dünyamızı QORUSUN",- deyə deputat bildirib.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin ağ ciyərinin 90%-dən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar. Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağ ciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.