Xəbər verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı ETSN-ə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Qeyd edək ki, Prezident İlham Əliyev ağac kəsilməsinə dəfələrlə etiraz edib.
“Neolit City” şadlıq sarayının nə səbəbdən 30 müxtəlif cinsli ağacı kəsdiyini öyrənmək istədik. Lakin şadlıq sarayının əməkdaşları bu mövzu ilə bağlı danışmaq istəmədiklərini bildirdilər.
“...məcbur edilməlidir ki, yenidən yaşıllıq zonası yaratsın”
Ekoloq Telman Zeynalov bildirdi ki, ağacların qanunsuz kəsilməsi müvafiq dövlət qurumlarının nəzarətinin lazımi səviyyədə olmaması ilə bağlıdır: “Mənə elə gəlir ki, ağacların kəsilməsinə nəzarət edən ayrıca bir qurum olmalıdır. Vətəndaş cəmiyyəti də həmin quruma cəlb olunmalıdır”.
Müsahibimiz hesab edir ki, yaşıllığın məhv edilməsində başlıca rolu iş adamları oynayırlar: “Biznesmenlər harada yaşıllıq varsa, həmin ərazini dağıdır, orada özləri üçün şadlıq sarayı, kafe, restoran və ya yaşayış binaları tikirlər. Nəticədə ağaclar qanunsuz kəsilir. Baxaq görək, hər hansı bir şəxs bir ağac əkirmi? Ancaq hamımız sağlamlığımızı tələb edirik”.
Həmsöhbətimizin sözlərinə görə, ağacı qıran adamın cərimələnməsi düzgün qərardır. Həmin şəxsin cərimələnməsi ilə yanaşı, məcbur edilməlidir ki, yenidən yaşıllıq zonası yaratsın.
Unutmaq lazım deyil ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur. Bu səbəbdən də yaşıllığı qorumaq hər bir vətəndaşın borcudur.
Günel CƏLİLOVA