Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələr quraşdırılmalıdır. Nazirlər Kabinetinin qərarı ilə ictimai nəqliyyatda şəffaf arakəsmələrin tətbiqi vacibdir. Amma təəssüf ki, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində belə arakəsmələrə artıq az rast gəlinir. Pandemiyanın yayılma arealını minimuma endirmək məqsədi daşıyan bu qoruyucu arakəsmələr ya ümumiyyətlə yoxdur, ya da zədələnərək arakəsmə rolunu oynamaqdan çıxıb.
Analoji hal taksi kimi fəaliyyət göstərən avtomobillərdə də müşahidə olunur. Koronavirusdan qorunmaq üçün ictimai nəqliyyatda şəffaf arakəsmələrin nə səbəbdən quraşdırılmadığını öyrənmək məqsədilə Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.
Agentliyin mətbuat katibi Mais Ağayev qeyd etdi ki, qaydalarla bağlı daşıyıcılara xəbərdarlıq edilib: “Biz daşıyıcılara şəffaf arakəsmələrlə bağlı göstərişlər vermişik. Əməl etməyənlərə yenidən xəbərdarlıq olunur. Taksilərlə bağlı onu qeyd edim ki, şəffaf arakəsmələri olmayan taksilərə fərqlənmə nişanı verilmir“.
Elməddin Muradlı: “Qaydalara görə, bütün ictimai nəqliyyat növü olan avtobuslarda, eləcə də taksilərdə şəffaf arakəsmələr təmin edilməlidir”
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, avtobuslarda şəffaf arakəsmələrin quraşdırılması Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalarda qeyd olunub. Bu qaydalara görə, bütün ictimai nəqliyyat növü olan avtobuslarda, eləcə də taksilərdə şəffaf arakəsmələr təmin edilməlidir. “Təmin edilmirsə, deməli, karantin rejimi qaydaları pozulur. Bu, inzibati məsuliyyət yarada bilər. Aidiyyəti qurumlar bu məsələyə xüsusi diqqət göstərməlidirlər. Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları təbliğat işini gücləndirsə, faydalı olar. Hər bir halda dünyanın bir çöx ölkəsində şəffaf arakəsmə tətbiq edilmiş təcrübədir. Təcrübə yaxşı nəticə verdiyinə görə Azərbaycanda da belə arakəsmələrin tətbiq edilməsi barədə qərar verilib. Təbii ki, qərar verilibsə, əməl etmək lazımdır”.
Günel CƏLİLOVA