Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi müsəlmanların müqəddəs Həcc ziyarəti ilə əlaqədar qərarı açıqlayıb. Krallığın müasir tarixində ilk dəfə olaraq ziyarət çox məhdud sayda və Səudiyyə Ərəbistanında olan yerli və əcnəbi zəvvarlar tərəfindən yerinə yetiriləcək. Xarici ölkələrdən Həcc ziyarətinə gələnlər olmayacaq.
Nazirliyin bəyanatında bildirilir: “Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətinə gələn milyonlarla müsəlmana xidmət etməkdən qürur duyur, hər il onların təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirir. Biz qüdrətli Allaha dua edirik ki, ölkələrimizi pandemiyadan qorusun”.
Səudiyyə Ərəbistanında 161 min nəfərin COVID-19-a yoluxması və 1300-dən çox insanın vəfat etməsi qərarın verilməsinə təsirini göstərib. Lakin çox məhdud sayda zəvvarın sayı açıqlanmayıb.
Səudiyyə Ərəbistanının əcnəbilər üçün Həcc ziyarətini ləğv etməsi nə qədər maliyyə vəsaitinin ölkəmizdə qalmasına səbəb olacaq.
Ekspertlər qeyd edirlər ki, bu qərarın pandemiya ilə mübarizə apardığı şəraitdə ölkəmizə faydası var. Bu baxımdan ki, ziyarətə xərclənəcək vəsaitlər artıq ölkəmizdə qalacaq və bu vəsaitin də pandemiya ilə mübarizədə əhəmiyyətli rolu olacaq.
“Pandemiya şəraitində Azərbaycan vətəndaşlarının ziyarətə getməməsinin bir neçə tərəfdən böyük əhəmiyyəti var”
Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu hesab edir ki, pandemiya dövründə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə getməməsinin ölkəmizin özü üçün böyük əhəmiyyəti var. Ə.Qəşəmoğlunun sözlərinə görə, bu həm 9-10 milyon manat vəsaitin ölkəmizdə qalması deməkdir, həm də vətəndaşlarımızın virusa yoluxma risqinin aşağı düşməsinə xidmət edir: “Bu il Səudiyyə Ərəbistanının əcnəbilər üçün Həcc ziyarətinə məhdudiyyət qoyması nəticəsində bizim vətəndaşlarımız da ziyarətə gedə bilməyəcəklər. Pandemiya şəraitində Azərbaycan vətəndaşlarının ziyarətə getməməsinin bir neçə tərəfdən böyük əhəmiyyəti var. Bilirsiniz ki, hər il ayrılan kvota üzrə vətəndaşlarımız ən azı 6 min manat xərcləməklə Həcc ziyarətinə gedirdilər. Mən bir dəfə hesablamışam ki, bu məbləğ il ərzində təxminən 9-10 milyon manat vəsait edir.
Keçən il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılmışdı və ziyarətin qiyməti 4150 dollar müəyyən edilmişdi. Bu da böyük vəsaitdir. Bir imanlı adam kimi, ziyalı kimi hesab edirəm ki, Həcc ziyarətinə getmək arzusunda olan, lakin mövcud səbəblər üzündən gedə bilməyən vətəndaşlarımız ziyarətə xərcləyəcəyi vəsaiti pandemiya dövründə işini itirən, ehtiyacı olan insanlara yönəltsələr, bu daha faydalı və savab iş olar. Təsəvvür edin ki, həmin 9-10 milyon manat vəsaitlə 16-17 min Azərbaycan vətəndaşına yardım etmək tam mümkündür. Dinimizdə də var ki, qonşusunda ac, yoxsul adam olan bir şəxsin ziyarəti qəbul edilməz. Biz əvvəlcə öz ətrafımızda ehtiyacı olan insanların problemlərini həll etməliyik, onlara maddi dəstək göstərməliyik. Yəni bu, dinimizdə də qəbul edilən bir məsələdir. Hesab edirəm ki, pandemiya dövründə ziyarətə getməyin özü düzgün deyil. Çünki bununla insanlar özlərini əlavə problemə sala, daha çox yoluxa bilərlər”.
Ə.Qəşəmoğlu hesab edir ki, bu insanlar hətta bu vəsaiti koronavirusla mübarizəyə də xərcləyə bilərlər. Bütün bunların daha faydalı olduğunu deyən Ə.Qəşəmoğlunun fikrincə, bununla öz xalqına, dövlətinə yardım edər, islam aləmində nüfuzunu daha da artırar.
İradə SARIYEVA