Koronavirus pandemiyası ölkəmizi də ciddi təhdid edir. Bir müddət əvvələ qədər koronavirusa yalnız sadə Azərbaycan vətəndaşları yoluxurdularsa, son həftələr yoluxanlar sırasına iri və kiçik dövlət məmurları, millət vəkilləri də daxil olublar. Onlardan başqa, bu siyahıda tanınmış sənət adamları, həkimlər, ictimai qurum təmsilçilərinin də adları var. Cəmiyyətin bir neçə tanınmış simasının da virusdan əziyyət çəkdiyi məlumdur.
Bir aydan artıqdır ki, Şamaxı rayon icra başçısının və müavininin, Cəlilabad, Samux və digər rayonların icra başçılarının müavinlərinin, bəzi məktəb direktorlarının koronavirusa yoluxması barədə xəbərlər yayılmaqdadır. Bu günlərdə Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, millət vəkili Sahib Alıyevin və başqalarının da koronavirusa yoluxduğu rəsmən təsdiqlənib.
Bildiyimiz kimi, pandemiya ilə əlaqədar olaraq dövlət qurumlarında vətəndaşlarla canlı ünsiyyət mövcud deyil, eyni zamanda da parlament üzvləri də seçicilərlə ancaq virtual olaraq, onlayn əlaqə saxlayırlar.
Bəs bu halda, məmurlar və deputatlar virusa hansı yolla yoluxa bilərlər?
“Məmurların və deputatların koronavirusa yoluxması da bu səbəbdən…”
Tanınmış tibb mütəxəssisi, professor Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, məmurlar da, deputatlar da digər vətəndaşlar kimi cəmiyyətin bir üzvüdürlər. “Məmurlar da, deputatlar da bu cəmiyyətin bir üzvüdürlər, onların da şəxsi həyatı var, ailə üzvləri və digər şəxslərlə ünsiyyətdə olurlar. Bəziləri ailədaxili ziyafətlərdə iştirak edir, digərləri isə restoranlara gedirlər. Məmurların və deputatların koronavirusa yoluxması da bu səbəbdən mümkündür. Bilirsiniz ki, hazırda respublika ərazisində koronavirusa yoluxanların sayı artmaqdadır və bu, cəmiyyətimizin reallığıdır. Məmurlar da, deputatlar da cəmiyyətin bir üzvü kimi virusa yoluxublar. Başqa ölkələrdə baş nazirlər virusa yoluxublar. Yəni virus varsa, ona yoluxma halları da var” - deyə A.Qeybulla qeyd etdi.
İradə SARIYEVA