3 aydan çoxdur ki, ölkədə toy mərasimlərinin keçirilməsinə icazə verilmir. Səbəb isə insanların kütləvi toplaşdığı məkanlarda koronavirusun sürətlə yayılmasıdır. Bəzi gənclər pandemiyanın nə zaman bitəcəyini gözləmədən, sadə nikah masasına əyləşərək, ailə həyatı qururlar. Xüsusi karantin rejimi, pandemiya 1500 nəfərin evlənməsinə əngəl ola bilməyib. İki aydan çoxdur bütün restoranlar fəaliyyətini dayandırsa da, nikah masasına əyləşənlər var.
Ekspertlər hesab edirlər ki, pandemiya sayəsində insanlar köhnə vərdişləri ilə vidalaşmalı olacaqlar. Bunlardan biri də təmtəraqlı toyların keçirilməsidir. Onların fikrincə, insanlar yaxın çevrələrinin iştirakı ilə kiçik məclis təşkil edə bilərlər və ya nikah masasına əyləşərək ailə qurmuş olarlar.
“Həyatda hər cür çətinliklər ola bilər və bu o demək deyil ki, insanlar ancaq oturub gözləməlidirlər ki, təmtəraqlı günləri geri qayıtsın”
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, o, karantin dövründə qaydalara riayət edərək ailə quran gəncləri dəstəkləyir: “Ailə quran gənclərimizi alqışlayıram. Həyatda hər cür çətinliklər ola bilər və bu o demək deyil ki, insanlar ancaq oturub gözləməlidirlər ki, təmtəraqlı günləri geri qayıtsın. Bu, birinci dəfə deyil, müharibə zamanı da çətinlik olanda, mühit imkan verməyəndə, toyları sadə şəkildə ediblər. İndi də şəraitimiz, ölkədə olan vəziyyət təmtəraqlı toy etməyə imkan vermirsə, bu o demək deyil ki, insanlar evlənməməlidir, heç kimə nikaha girməyə qadağa qoyulmur. Nikaha hamı girə bilər və bunu elə təşkil etmək olar ki, insanlar üçün təhlükəsi olmasın. Mən xarici ölkələrdə də bunun şahidi olmuşam ki, insanlar toyları açıq havada, bağçada edirlər. Bunu biz də belə təşkil edə bilərik ki, insanlar ara məsafəsi saxlasınlar. Toyun fəlsəfəsi odur ki, həmin gün ailə quran gənclərin yaddaşında qalsın. On nəfərlə elə gözəl məclis qurmaq olar ki, 300-400 adamlıq toydan daha yaddaqalan olar. Ona görə mən də ailə quran gənclərimizin bu addımını dəstəkləyirəm, təqdir edirəm. Düşünürəm ki, bu qaydalara riayət edərək ailə qurmaq lazımdır”.
Günel CƏLİLOVA