Ölkəmizin, vətəndaşlarımızın pandemiya ilə mübarizə apardığı, həkimlərimizin, tibb işçilərimizin və xəstəxanalarımızın bu istiqamətdə səfərbər olunduğu bir dövrdə bəzi qara qüvvələr camaat arasında ölkəmizdə guya həkim və xəstəxana qıtlığı olması barədə şayiələr yayırlar.
Onlar iddia edirlər ki, guya koronavirusa yoluxan xəstələrin müalicəsi üçün tələb olunan həkim, tibb işçisi və xəstəxana sayı kifayət qədər deyil(?).
“Azərbaycanda xəstəxana qıtlığı yoxdur”
Məsələyə münasibət bildirən tanınmış tibb mütəxəssisi Rafis Bağırov baki-xebr.com-a bildirdi ki, bu, şayiədən başqa bir şey deyil. Bu gün Azərbaycanda həkimlərin sayı həddindən artıq çoxdur və xəstəxanalar da ölkə əhalisinin sayına tam olaraq uyğun gəlir. “Əksinə, Azərbaycanda, ümumiyyətlə, həkim qıtlığı yoxdur. Ölkəmizdə həkimlərin sayı dünyanın bır sıra ölkələrində olan həkimlərin sayından çoxdur. Bir misal çəkim, Ukraynada 50 milyondan çox əhali var. Bu ölkədə 4 tibb universiteti var və 4 tibb universitetinin il ərzində buraxdığı həkimlərin sayından bizim yeganə Dövlət Tibb Universitetinin buraxdığı həkimlərin sayı çoxdur. Ona görə də Azərbaycanda həkimlər həmişə xəstə sarıdan korluq çəkirlər, bir də görürsən xəstə qıtlığı olur və bu da həkimlərə təsir edir. Pandemiya dövründə də ölkəmizdə həkim çatışmazlığı deyilən problem yoxdur. Hazırda poliklinikaların özündə peşəkar, savadlı həkimlərimiz var, onları da xəstəxana həkimləri kimi pandemiya ilə mübarizə prosesinə cəlb etmək lazımdır. Tibb Universitetinin 5-ci, 6-cı kurs tələbələrini də poliklinikalara cəlb etmək lazımdır ki, sahə həkimləri ilə bərabər bütün sahələri gəzsinlər, araşdırıb nə qədər COVID-19-a yoluxanların olduğunu müəyyən etsinlər. Çünki insanların böyük əksəriyyəti karantindən qorxurlar, təcili yardım çağırmırlar, evdə qalıb əhalini yoluxdurmağa başlayırlar. Ona görə də bizdə həkimlə bağlı çatışmazlıq yoxdur”.
Xəstəxanalara gəlincə, R.Bağırov hesab edir ki, xəstəxanalarımızla bağlı yayılan məlumatlar da əsassızdır. “Azərbaycanda xəstəxana qıtlığı yoxdur. Bu gün ölkəmizdə əhalimizin sayına uyğun çarpayı sayına malik olan xəstəxanalarımız var. Pandemiya dövründə də xəstəxanalarımız kifayət qədərdir” - deyə R.Bağırov vurğuladı.
İradə SARIYEVA