Bu gün ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində kifayət qədər işlər görülür. Bu istiqamətdə yeniliklərin də olduğunun şahidi oluruq.
Məlum olduğu kimi, Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanaları da koronavirus xəstələri üçün ayrılıb. Bu barədə “Trend”ə açıqlamasında Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov deyib. Onun sözlərin görə, həmin tibb müəssisələri xəstə qəbulunu dayandırıb, xəstələrin köçürülməsinə başlayıb: "Hazırda xəstəxanada stasionar müalicə alan 60-dan artıq xəstə var. Həmin xəstələrin köçürülməsi ilə məşğuluq. Xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən, avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay rayonunun kəndlərindəki tibb məntəqələri isə fəaliyyətini əvvəlki kimi davam etdirəcək, xəstələrə ilkin tibbi yardımlar göstəriləcək".
Direktor xəstəxanada COVID-19 xəstələrinə xidmət edəcək tibb işçilərinin sayının dəqiqləşdirildiyini bildirib: "Göyçay xəstəxanasında 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Əsasən 60 yaşdan yuxarı olan tibb işçiləri məcburi məzuniyyətə göndərilsə də, onlar aylıq əməkhaqlarını alacaqlar, ixtisar olmayacaq".
Bağlanan bu xətəxanalardan yalnız koronavirusa tutulan xəstələrin müalicəsi məqsədilə istifadə olunacaq. Bu kimi yenilənmiş tədbirlər virusla mübarizədə necə rol oynayacaq?
“...onların yükünü qonşu rayonlar öz üzərinə götürəcək”
Tanınmış tibb mütəxəssisi, professor Adil Qeybullanın sözlərinə görə, bu qərar virusa yoluxanların sayının artması ilə bağlı verilib və sözügedən xəstəxanalar bu xəstələrin müalicəsinə yönəldilib: “Bilirsiniz ki, koronavirusa yoluxanların sayı durmadan artır və ona görə də Bakı şəhərindəki xəstəxanalarda yoluxanların yerləşdirilməsi üçün yer yoxdur. Bu xəstələr də xəstəxanalarda qısa müddətdə qalmırlar. Hər halda, bəzən iki və daha artıq həftə xəstəxanada qalıb müalicə alırlar. Bu baxımdan, artıq rayon xəstəxanaları da bu işə cəlb olunub. Bakıda 1 saylı Klinik Mərkəz, Su Tikinti Xəstəxanası, Bərpa Mərkəzi və bu rayonlardakı xəstəxanalar da koronavirusa yoluxanların müalicəsinə cəlb olunublar. Bu rayonlardakı xəstəxanalar da sözügedən kontingenti paylaşacaqlar. Sadəcə olaraq, onların yükünü qonşu rayonlar öz üzərinə götürəcək. Yəni bu artıq məcburi addımlardır” - deyə A.Qeybulla qeyd etdi.
İradə SARIYEVA