Son həftələr ölkəmizdə koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Bu hal xüsusən də ölkəmizdə mövcud olan karantin rejiminin yumşaldılmasından sonra baş verir. Yumşaldılma prosesinə qədər virusa yoluxanların sayı elə də böyük deyildi. İndi isə vəziyyət xeyli dərəcədə mənfiyə doğru dəyişib. Yoluxma sayının artmasının əsas səbəbi vətəndaş məsuliyyətsizliyidir.
Koronavirusa yoluxmanın ən çox hansı ərazilərdə qeydə alındığı açıqlanıb. Bildirilir ki, Bakı üzrə koronavirusa yoluxma ən çox Yasamalda qeydə alınıb. Məlumat üçün bildirək ki, Yasamalda virusa yoluxma 12,7% olub. Xətai rayonunda da yoluxma artaraq 12,2 faizə çatıb.
Qeyd edək ki, sonuncu statistikaya qədər Bakı şəhərində koronavirusa yoluxma ən çox Sabunçu rayonunda qeydə alınıb. Ancaq son günlər virusa yoluxanlar arasında Yasamal sakinləri üstünlük təşkil edirlər
“…həmin ərazidə yaşayan sakinlərin təhlükəsizlik tədbirlərinə riayət etməməsidir”
Bakının Yasamal rayonunda koronavirusa yoluxmanın nə səbəbdən üstünlük təşkil etməsini öyrəmək məqsədilə sosioloq Aytəkin Kamranqızına müraciət etdik.
A.Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, virusa yoluxma sayının artmasının səbəbi insanların sağlamlıqlarına məsuliyyətsiz yanaşmasıdır: “Son bir ayda yoluxma sayında artım davam etməkdədir, son olaraq 350-dən çox yoluxma qeydə alınıb. Bu bir həyəcan təbilidir ki, ay vətəndaş, məsuliyyətini dərk et, sosial məsafə gözlə, maska tax, gigiyenanla məşğul ol, əks təqdirdə yoluxmanın miqyası daha da artacaq”.
Sosioloq onu da əlavə etdi ki, Bakı şəhəri üzrə koronavirusa yoluxmanın ən çox Yasamal rayonunda qeydə alınmasının səbəbi həmin ərazidə yaşayan sakinlərin təhlükəsizlik tədbirlərinə riayət etməməsidir. İnsanlar adıçəkilən virusun varlığına inanmaq istəmirlər. Özləri və ya doğmaları koronavirusa yoluxanda isə çox gec olur. Bu səbəbdən də insanlar tibbi maska taxmalı, sosial məsafə saxlamalı, təmizlik qaydalarına xüsusi riayət etməlidirlər.
Həmsöhbətimizin sözlərinə görə, bu gün ölkəmizdə koronavirus pandemiyasının bu şəkildə yayılmasında məsuliyyəti vətəndaşlar özləri daşıyırlar. Onların səhlənkarlığı, biganəliyi nəticəsində biz fəlakət astanasına yaxınlaşırıq.
Günel CƏLİLOVA