Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın sakini Zemfira Əliyeva sosial şəbəkə vasitədilə “Bakı-Xəbər” qəzetinə və baki-xeber.com saytına müraciət edib. Yataqxanada vəziyyətin dözülməz olduğunu yazan Z.Əliyeva qeyd edir ki, bu müraciət 30-40 il yataqxanada dözülməz həyat şəraitindən əziyyət çəkən insanların SOS siqnalıdır.
“Hörmətli redaksiya!
Əslində, bu müraciətlə sizləri köməyə çağırıram. Bu yalnız mənim deyil, mənimlə birlikdə 30-40 il yataqxanada dözülməz həyat şəraitindən əziyyət çəkən insanların SOS siqnalıdır. Bilirsiniz ki, indiki pandemiya ilə əlaqədar dövlətimiz, ən başlıcası, hörmətli Prezidentimiz cənab İlham Əliyev millətimizi, hər bir kəsi bu bəladan qorumaq üçün müəyyən tapşırıqlar verib. Bu da ölkəmizdə sistematik olaraq həyata keçirilir. Diqqət çəkmək istədiyim əsas məsələ bunun necə və hansı yollarla mümkün olması üzərində dayanır. Daha doğrusu, bu halda, bildiyiniz karantin rejiminə və gigiyena qaydalarına yataqxanamızda necə əməl olunmasıdır. İnanın ki, sosial problemlərin baş alıb getdiyi indiki dönəmdə bu mümkünsüzdür. Çünkü həm istismar müddəti bitmiş, həm də divarları nəmişlikdən göyərmiş, zirzəmisi ağzına qədər su və gəmiricilərlə dolmuş yataqxana binası əsl virus mənbəyinə çevrilib. İzolə olunmayan - yaşlı insanlar, azyaşlı uşaqlar hər gün eyni mətbəx və sanuzellərdən istifadə edir, hər gün də evdən çıxaraq kim bilir nə qədər insanı bu virusa yoluxdurur. Dəfələrlə icra qurumlarına müvafiq tədbirlərin görülməsi barədə şifahi və yazılı müraciət etməyimizə baxmayaraq, bu məsələyə səthi yanaşılır.
İki il öncə dövlətimiz məcburi köçkünlərin, ilk növbədə, qəzalı binalardan köçürülməsi planını həyata keçirib , yataqxanamızda köçkün kimi məskunlaşmış 63 ailə "Qobu Park "-1 yaşayış kompleksinə köçürülüb. Əsl faciə də bundan sonra başlayıb ki, köçkünlərdən çox əvvəl yataqxanada yaşayan insanların üstündən sanki qara xətt çəkmişlər. Sual doğur: bəs köçürülmədən sonra yaşamağa davam edən 30 ailə Azərbaycan vətəndaşları deyil? Dözülməz həyat şəraitindən əziyyət çəkən bu insanların da dövlətimizin qayğısına ehtiyacı var və bizlərin də mənzillə təmin olunması üçün lazımi tədbirlərin görülməsinə ümid edirik” - deyə qeyd edən Z.Əliyeva qarşılaşdıqları problemlə bağlı “Bakı-Xəbər” vasitəsilə səslərinin Prezident İlham Əliyevə çatdırılmasını xahiş edir. “Ən əsası da hörmətli Prezidentimizin öz çıxışlarında qeyd etdiyi nöqsanların, boşluqların aradan qaldırılmasına köməklik göstərin” - deyə Z.Əliyeva müraciətində vurğulayır.
İradə SARIYEVA