Məlum olduğu kimi, AZAL 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək. Qeyd edək ki, uçuş zamanı qeydiyyat masasında COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir.
Qeyd edək ki, Bakıdan uçuş zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyaların verdiyi arayışlar etibarlı hesab olunur.
Hər iki halda test reysin uçuşundan ən gec 48 saat əvvəl verilməlidir. Onu da bildirək ki, İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.
Maraqlıdır, Bakı -İstanbul təyyarə reysinə düşmək üçün koronovirus testindən keçmək proseduru hansı formada həyata keçirilir?
Qeyd etdiyimiz kimi, Bakıdan olan uçuş üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) akkreditasiya etdiyi laboratoriyada uçuşa 48 saatdan gec olmayaraq COVID-19 testi etdirib və nəticəsi neqativ çıxan sərnişinlər, İstanbul-Bakı reysində isə “Memorial” xəstəxanasında test olunub nəticəsi neqativ çıxanlar buraxılacaq. Bu halda, Bakıya çatandan sonra karantinə yerləşdirmə nəzərdə tutulmur. Amma simptomları nəzərə çarpan sərnişinlər əlavə müayinəyə götürüləcəklər.
“COVID-19 pasportunda koronavirus testinin nəticəsi, keçirilmə tarixi və sağlamlıq haqqında arayışın qeyd olunması nəzərdə tutulur”
Professor, həkim-ekspert Adil Qeybulla qeyd etdi ki, beynəlxalq praktikada tətbiq olunan təcrübələrdən biri də COVID-19 pasportunun tətbiq olunmasıdır. Bu o deməkdir ki, səyahətdən öncəki son günlərdə koronavirusa görə müayinə tətbiq olunur, neqativ nəticə və COVID-19 pasportunda sağlamlıqla bağlı xüsusi arayış qeyd edilir.
Həmsöhbətimiz onu da əlavə etdi ki, aviaşirkətin və hava limanının əməkdaşları, öz növbələrində, uçuşun maksimum rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər: “COVID-19 pasportu beynəlxalq təcrübədə tətbiq olunan bir sistemdir. Avropada ilk olaraq bu sistemdən istifadəni Xorvatiyanın Turizm naziri Gari Cappelli təklif edib. COVID-19 pasportunda koronavirus testinin nəticəsi, keçirilmə tarixi və sağlamlıq haqqında arayışın qeyd olunması nəzərdə tutulur”.
Günel CƏLİLOVA