İlk olaraq Çində aşkarlanan və sonra ABŞ, İspaniya, İran, İtaliya, Fransa başda olmaqla, bir-birindən fərqli ölkələrə yayılan koronavirusa yoluxanların sayı saatbasaat artır. Sevindirici haldır ki, ölkəmizdə görülən operativ tədbirlər nəticəsində koronavirusdan əziyyət çəkənlərin sayı qonşu ölkələrlə müqayisədə azdır. Açıqlanan məlumatlara görə, koronavirusdan vəfat edənlər arasında yaşlı nəslin nümayəndələri çoxdur. Vəfat edənlər arasında 60-69 yaş qrupunda olanlar əksəriyyəti təşkil edir.
Məlumdur ki, son günlər ölkə ərazisində gündəlik koronavirusa yoluxanların sayı 300-ü keçib. Elə bu səbəbdən karantin rejimində yenidən sərtləşmə tətbiq edilib. Hətta həftə sonlarında insanların çölə çıxmasına qadağa qoyulur. Maraqlıdır, 65 yaşdan yuxarı insanların yenidən çölə çıxmasına qadağa qoyula bilərmi?
“Biz üzərimizə düşən sosial məsuliyyətimizi dərk edərək, qərargahın tələb və tövsiyələrini icra etsək, heç bir məhdudiyyətə ehtiyac qalmaycaq”
Bununla bağlı danışan millət vəkili Azər Badamov bildirdi ki,karantin rejimində hansı məhdudiyyətlərin yenidən tətbiq olunacağını zaman göstərəcək: “Amma son günlərin yoluxması yüksəkdir. Ola bilsin ki, bir neçə gündən sonra infeksiyaya yoluxmalar sürətlə aşağı ensin və karantin rejimində daha çox yumşalma həyata keçirilsin. Həm də bunun tamamilə əksi də ola bilər. Yəni gündəlik yoluxmaların dinamikasında sürətli artım müşahidə olunsun və yenidən daha sərt karantin rejimi gündəmə gəlsin. Hər şey insanların əlindədir. Biz üzərimizə düşən sosial məsuliyyətimizi dərk edərək, qərargahın tələb və tövsiyələrini icra etsək, heç bir məhdudiyyətə ehtiyac qalmaycaq”.
Günel CƏLİLOVA