“Sərt karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O qeyd edib ki, polisin qanuni tələblərinə tabe olmayan şəxslər polis bölməsinə aparıla bilər: “Əgər şəxs məsuliyyətsizlik səbəbindən başqa birini virusa yoluxdurarsa və bu hal öz təsdiqini taparsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Karantin qaydalarını pozan şəxs polisə müqavimət göstərirsə, qanunun tələblərinə uyğun olaraq yaxınlıqdakı polis bölməsinə aparılır. Həmin şəxs və ya şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək”.
Qeyd edək ki, bir sıra ölkələrdə bilərəkdən başqalarını koronavirusa yoluxduranlar sərt şəkildə cəzalandırılırlar. Çinin Hubey əyalətində koronavirusun yayılması ilə əlaqədar karantindən imtina edənlər, ictimai yerlərdə tüpürənlər, eləcə də digər qəsdən virusa yoluxduranlar cinayət məsuliyyətinə cəlb olunurlar.
Ekspertlər də karantin qaydalarına əməl etməyənlərin cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarıdırlar.
“...heç kəs deməsin ki, bu, insan hüquqlarının pozulmasıdır”
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli bildirdi ki, pandemiya dövründə karantin qaydalarına əməl etməyənlər cəzalandırılmalıdırlar: “Koronavirus bütün dünyanı ağuşuna alıb. Əksər ölkədə karantin qaydalarına əməl etməyənlər müxtəlif formada cəzalandırılır. Analoji hal bizdə də tətbiq olunarsa, koronavirusa yoluxanların sayı artmaz”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, karantin dövründə kimisə hardansa məcburi çəkindirirlərsə, uzaqlaşdırırlarsa, heç kəs deməsin ki, bu, insan hüquqlarının pozulmasıdır. Belə məsələlərdə bir neçə məhdudlaşmayan hüquq var. Çünki karantin rejimi müvafiq məqsədlərə xidmət etməlidir. Bu, milli təhlükəsizlik məsələsidir. Milli təhlükəsizlik məsələsində insan hüquqları lazım gələrsə, ikinci plana keçir.
Günel CƏLİLOVA