Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev COVID-19-a yoluxaraq evdə özünü müalicə etdirən və bu xəstəliyini gizlədən kifayət qədər insanın olduğunu deyib. Onun sözlərinə görə, belə halları gizlətmək vəziyyətin daha da pisləşməsinə səbəb olur.
Əhaliyə xəstəliklə bağlı halları gizlətməməyi tövsiyə edən V.Əliyev əlavə edib ki, pandemiya dövründə ölkədə ikinci dəfə sərt karantin rejimi tətbiq olunacaq: “Həftəiçi günlərdə də insanlar lazımi təlimatlara əməl etməlidirlər. Əsas məqsəd odur ki, həftə sonlarında, ikigünlük də olsa, insanların təmasları azalsın”.
“...bu elə bir xəstəlikdir ki, bunu gizlətmək olmaz”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, koronavirusa yoluxduğunu gizlədən insanların sayı az deyil: “O insanlar ictimai qınaqdan çəkindikləri üçün xəstəliklərini gizlədirlər. Nəticədə isə həmin şəxslər ətraflarında olan insanları koronavirusa yoluxdururlar”.
Həmsöhbətimiz təklif edir ki, insanlar özlərində adi narahatlıq keçirən kimi mütləq həkimə müraciət etsin və testdən keçsinlər: “Bu elə bir xəstəlikdir ki, bunu gizlətmək olmaz. Mütləq həkimə müraciət edilməlidir. Həmin insanların yaxınları hiss etsələr ki, ana-atası və ya doğmalarında koronavirusun əlamətləri var, öz ailələrinin sağlamlığı üçün həkimə müraciət etməlidirlər”.
Günel CƏLİLOVA