Məlum olduğu kimi, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir.
Qeyd edilən kateqoriyadan olan vətəndaşlar üçün bu humanist yanaşma pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır. Layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla da bağlı humanist yanaşma özünü göstərir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.
“Xüsusilə zərərli və ağır işlərdə çalışan insanların vaxtından əvvəl əmək pensiyasına çıxmasının təmin edilməsi vacib məsələdir”
Bu layihənin əhəmiyyətindən danışan tanınmış iqtisadçı Rəşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, belə bir vacib məsələnin gündəmə gətirilməsi müsbətdir.
R.Həsənovun qeyd etdiyinə görə, elə şəxslər var ki, onlar əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışırlar, bu şəxslərin güzəştli şərtlərlə vaxtından əvvəl əmək pensiyasına çıxması çox yaxşı haldır. Müvafiq qanunvericilik aktında bu məsələnin əks olunması həmin kateqoriyadan olan şəxslərin pensiya hüququna əlçatanlığını artırır.
O qeyd etdi ki, hazırda təklif layihə şəklində olduğu üçün, orada əsasən hansı sahələrdə çalışanların nəzərdə tutulduğu haqda məlumatsızdır. “Layihə haqqında geniş məlumatım yoxdur. Yəqin Milli Məclisdə müzakirə ediləcək. Ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur. Yeni layihədə əksini tapan xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsinin təsdiqlənməsi müsbət hal olardı. Çünki əvvəlki qərarda bəzi sərtliklər vardı. Amma yeni layihədə bu məsələnin yumşaldılmasının təklif edilməsi müsbət haldır. Bilirsiniz ki, xüsusilə zərərli və ağır işlərdə çalışan insanların vaxtından əvvəl əmək pensiyasına çıxmasının təmin edilməsi vacib məsələdir. Çünki burada o işin onların sağlamlığına vurduğu zərərlə də bağlı məsələlər var. Bu dəyişiklik Prezident tərəfindən təsdiqləndikdən sonra onunla bağlı daha ətraflı danışmaq olar” - deyə R.Həsənov vurğuladı.
İradə SARIYEVA