İyunun 11-də Ədliyyə Nazirliyində bir qrup gənc ədliyyə işçisi və könüllülərinin iştirakı ilə videkonfrans formatında Milli Qurtuluş Gününə həsr olunmuş onlayn mühazirə keçirilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, tədbirə dəvət olunmuş Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, professor Hikmət Məmmədov müstəqil dövlətimizin qurtuluş tarixi, Heydər Əliyevin xilaskarlıq missiyası və zəngin dövlətçilik fəaliyyəti barədə məruzə ilə çıxış edib.
O, Azərbaycan xalqının milli qurtuluş gününə gedən yoldan bəhs edərək müstəqilliyimizin ilk illərində xalqımızın səriştəsiz idarəçiliklə, ölkədaxili xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü ilə üzləşdiyini diqqətə çatdırıb, məhz belə bir ağır dövrdə hakimiyyətə qayıdan ümummilli liderin xilaskarlıq missiyası nəticəsində müstəqilliyimizin qorunub möhkəmləndiyini, dövlətlə xalqın birliyinin təmin edildiyini, azərbaycançılıq ideologiyasının bərqərar edildiyini, demokratik hüquqi dövlətin qurulduğunu vurğulayıb.
Çıxış edən gənclər Heydər Əliyevin dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, dahi öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.
Tədbirin davamı olaraq Ədliyyə nazirinin müavini Toğrul Musayevin iştirakı ilə qonaq nazirlikdə Heydər Əliyevə və ədliyyə tarixinə həsr olunmuş muzeylə tanış olub, dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs olunaraq, onun siyasi irsinin indiki və gələcək nəsillərə örnək olduğu qeyd edilib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı inkişafının təmin olunması, bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü mühüm işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ulu öndərin ideyalarının və siyasi irsinin öyrənilməsindəki mühüm fəaliyyəti xüsusilə vurğulanıb.