Azərbaycanda ötən həftəsonu tətbiq edilən sərt karantin rejimi ərzaq mağazalarına kütləvi axına səbəb oldu. Kiçik sahəsi olan ərzaq mağazalarından tutmuş, supermarketlərə qədər adam əlindən tərpənmək mümkün deyildi.
Yeni qərara əsasən, bu həftəsonu da sərt karantin qaydası tətbiq ediləcək. Bu isə o deməkdir ki, həftəsonu yenə marketlərdə insan əlindən tərpənmək mümkün olmayacaq. Qapalı məkanlarda sosial məsafənin qorunmaması koronavirusun yayılmasını sürətləndirir.
Koronavirusun yayılmasının qarşısını almaq üçün qoruyucu vasitələrdən istifadə edilməli, eyni zamanda, sosial məsafəyə də riayət edilməlidir. Ancaq marketlərdə buna əməl edilmir. Marketə daxil olan alıcılardan tibbi maska tələb olunmur. Analoji hal kiçik dükanlarda da müşahidə olunur. Məhəllələrin arasında yerləşən dükanlarda çalışan satıcılar tibbi maskadan istifadə etmirlər. Qeyd edək ki, koronavirusun yayıldığı məkanlar arasında marketlər üstünlük təşkil edirlər.
Bu günlərdə keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində iştirak edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, yoluxma faktları daha çox ictimai nəqliyyat və ictimai iaşə obyektlərində qeydə alınır: “Çünki həmin yerlərdə sosial məsafə qorunmur. Marketlərdə də yoluxma sayı artır. Xəstəliyin klinikası getdikcə ağırlaşır”.
“Elə ərzaq mağazaları var ki, orada insanlar arasında sosial məsafəni təmin etmək praktiki cəhətdən mümkün deyil”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd etdi ki, hazırkı şəraitdə ancaq Nazirlər Kabinetinin qərarı olarsa, bunun həyata keçirilməsi mümkün olar: “Vətəndaşlar da yeni davranış qaydası nümayiş etdirməlidirlər. Bakıda super və hipermarketlər olsa da, koronavirus pandemiyası dövründə müştərilərin içəri daxil olmasında hansısa qaydalar tətbiq edilmir. Çünki ərzaq mağazaları çalışırlar ki, çox müştəri gəlsin, çox ərzaq satıb gəlirlərini artırsınlar. İnandırıcı deyil ki, hansısa sahibkar mağazaya gələn müştərini içəri sayla buraxsın. Çünki belə halda müştərini itirmək risqi var".
E.Hüseynovun sözlərinə görə, iri supermarketlərdə pandemiya dövründə dezinfeksiyaedici maddələrdən istifadə edilsə də, kiçik dükanlarda dezinfeksiyaedici məhlullar olan qablar belə, quraşdırılmayıb: "Almaniya kimi ölkələrdə ərzaq mağazalarında sosial məsafəyə nəzarət edilir. Bizdə kassalarda buna əməl edilmir. Mağaza sahiblərini müştərinin sağlamlığı yox, gəliri düşündürür".
Həmsöhbətimiz onu da əlavə etdi ki, elə ərzaq mağazaları var ki, orada insanlar arasında sosial məsafəni təmin etmək praktiki cəhətdən mümkün deyil: "20-30 kvadratmetr sahəsi olan ərzaq dükanları var. Belə yerlərdə sosial məsafəni qorumaq çətindir. Heç bir sahibkar mağazanın sahəsinə uyğun müştəri qəbul etməyəcək. Gərək Nazirlər Kabinetinin bunun üçün müvafiq qərarı olsun".
Günel CƏLİLOVA