Bəzi hallarda marketlərdə vitrinə düzülən malların üzərindəki qiymətlərin kassa qiyməti ilə üst-üstə düşməməsi alıcıların daha çox narazılıq etdiyi məqamlardandır. Alıcılar, demək olar ki, supermarketlərin bəzilərində bu cür hallarla tez-tez rastlaşdıqlarını söyləyirlər.
Müəyyən alıcılar isə qiymət fərqini evdə kassa çekinə diqqətlə baxdıqdan sonra hiss etdiklərini söyləyirlər. Vitrində malın üzərinə yazılan qiymətlə kassada göstərilən rəqəmin eynilik təşkil etməməsi iə bağlı faktın “Bazarstore" mağazalar şəbəkəsində qeydə alınması barədə sosial şəbəkədə məlumat yayılır. Narazılıq mağazada satılan məhsulun üzərində yer alan qiymətlə kassada göstərilən rəqəmlərin eynilik təşkil etməməsi ilə bağlı olub. Şikayətçi qeyd edir ki, o bu halı artıq ikinci dəfədir yaşayır: “Bazarstore"un Əhmədli filialında alış-veriş etdim. Səhər işə gecikdiyim üçün qiymət fərqinə fikir vermədim. İndi görürəm ki, məhsulun üzərində bir qiymət, kassada başqa qiymət göstərilib. 0.30 qəpik elə böyük məbləğ olmaya bilər, amma milləti aldadıb belə oğurluq etmək utancvericidir".
“…bəzən isə qiymət sayının çoxluğuna görə bəzi qiymətlər sistemə daxil olmur”
Məsələ ilə bağı "Bazarstore" mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. "Bazarstore” mağazalar şəbəkəsindən redaksiyamıza verilən məlumata görə, burada texniki səhv baş verib: "Qiymət kassaya hər səhər göndərilir və məhsullar üzrə qiymət sayı çox olur. Bəzən isə qiymət sayının çoxluğuna görə bəzi qiymətlər sistemə daxil olmur. Belə şikayətlər olduqda biz müştəriləri dəvət edərək qiymət fərqini onlara ödəyirik”.
Günel CƏLİLOVA