Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb. Yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı qeyd olunur. Görüntülərdə COVID-19-a yoluxanları üzlərinin açıq-aşkar görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, koronavirusa yoluxan xəstələrin nə adları açıqlana bilər, nə də həmin xəstənin görüntüsü.
Maraqlıdır, pasiyentlərin şəxsi məlumatlarının açıqlanması, onların görüntüsünün yayılması nə dərəcədə doğrudur?
Rəvanə Əliyeva: “Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub”
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, təmsil etdiyi qurum mövcud vəziyyətdən xəbərdardır: “Görüntülər, həqiqətən, pandemiya əleyhinə xəstəxanada çəkilib. Bəli, görüntülər koronavirusla mübarizə çərçivəsində ayrılan pandemiya xəstəxanalarından birində çəkilib. Videogörüntülərdəki xəstələr COVID-19-a yoluxan xəstələrdir. Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. Bilirsiniz ki, COVID-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur. TƏBİB bu məsələni ciddi nəzarətə götürüb. Çox güman ki, görüntülər xəstəxana əməkdaşları tərəfindən lentə alınıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanacaq”.
Adil Qeybulla: “Etik cəhətdən koronavirusa yoluxmuş şəxslərin kimliyinin açıqlanması düzgün deyil”
Professor Adil Qeybulla qeyd etdi ki, etik cəhətdən koronavirusa yoluxmuş şəxslərin kimliyinin açıqlanması düzgün deyil: “Xəstələrin videosu yayılmaqla onların hüququ kobud şəkildə pozuldu. Məlum videonu yaymaqla həm xəstələr əziyyət çəkir, həm də onların yaxınları. Ümumiyyətlə, tibbdə belə bir qayda var, hər hansı bir xəstəliklə bağlı xəstənin icazəsi olmadan şəxsi məlumatlarının açıqlanması düzgün deyil”.
Azər Həsrət: “Xəstəlik şəxsi informasiyadır və insanlar belə informasiyanın ictimailəşdirilməsinin tərəfdarı deyil”
Tanınmış media eksperti, siyasi şərhçi Azər Həsrət bildirdi ki, belə xəstələrin şəxsi məlumatlarının tirajlanması heç bir baxımdan düzgün deyil: “Xəstəlik şəxsi informasiyadır və insanlar belə informasiyanın ictimailəşdirilməsinin tərəfdarı deyil. Əlbəttə, bu, seçimlə bağlıdır. Yəni virusa yoluxmuş şəxs özü barədə bu məlumatın yayılıb-yayılmaması ilə bağlı qərar verə bilər. Lakin indiki həssas məqamda, koronavirusla mübarizə apardığımız dövrdə bu virusa yoluxanlarla bağlı şəxsi informasiyaların yayılması ictimaiyyəti ciddi narahat edən bir məsələdir. Amma bir məqam da var ki, bəzi şəxslər ictimai statusuna görə fərqlənirlər və onlar koronavirusa yoluxublarsa, onlarla bağlı informasiyanın gizlədilməsi də doğru olmazdı. Məsələn, çox mühüm dövlət vəzifəsi tutan şəxslərdə bu xəstəlik aşkarlanarsa, bu açıqlanmalıdır. Görürsünüz ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun bu virusa yoluxması xəbəri dərhal ictimailəşdirildi, bunda o özü də maraqlı oldu. Çünki dövləti idarə edən bir şəxsin koronavirusa yoluxmasını xalqın bilməsi vacibdir. Amma sıradan bir vətəndaşın adının açıqlanması, onun özünün razılığı olmadan kimliyinin tirajlanması doğru deyil. Heç bir media orqanı virusa yoluxan sadə vətəndaşların özlərinin razılığı olmadan nə adlarını açıqlaya, nə də şəkillərini yaya bilər. Ümumiyyətlə, onlarla bağlı hər hansı bir müzakirənin aparılması doğru deyil. Kimlərsə koronavirusa yoluxmuş şəxslərin icazəsi olmadan onların adlarını qeyd edirsə, şəkillərini tirajlayırsa, bu, qeyri-etik davranışdır, digər tərəfdən də qanun pozuntusudur. Bu, şəxsi informasiyaların icazəsiz açıqlanması kateqoriyasına aiddir və təbii ki, bu da yolverilməzdir”.
Günel CƏLİLOVA