Bölgələrin əksəriyyətində müəllim qıtlığı təhsilimizin əsas problemlərindən biridir. Təhsil səviyyəsinin yüksəldilməsi, o cümlədən, müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı hələ də özünü qabarıq şəkildə göstərməkdədir.
Bu gün müəllim ixtisasına yiyələnən, lakin dərs demək üçün ucqarlara getmək istəməyənlərin əsas şikayəti maddiyyatla bağlıdır. Onlar dərs yükləri az olduğu və buna görə də aşağı maaş aldıqları üçün ucqar yerlərdə qalmaq istəmədiklərini deyirlər. Amma kənd məktəblərində müəllimlərə ehtiyac çox olduğu üçün, onların maaşlarında müəyyən artımlar müşahidə olunmaqdadır. Bölgələrdə müəllimliklə məşğul olub, müəyyən qədər ehtiyacları qarşılamaq mümkündür. Təəssüf ki, indi müəllim peşəsinə yiyələnən insanların bir qismi ya bunu etmək istəmir, ya da edə bilmir. Deməli, ortada hansısa problem mövcuddur.
“…tətbiq edilən güzəştlər üçün müəllimlərin yaş həddi artırılmalıdır”
Təhsil eksperti Kamran Əsədov ucqar rayonlarda kadr çatışmazlığının həlli yolunu tətbiq edilən güzəştlər üçün müəllimlərin yaş həddinin artırılmasında görür: “Ölkədə son illər müəllimlərin işə qəbulu, onların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Bir çox yerdə müəllimləri cəlb etmək üçün həvəsləndirmə tətbiq edilir. Həvəsləndirmə rayon mərkəzindən 3 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. Həvəsləndirmənin 2 istiqaməti var. H1 rayon mərkəzindən 3 km-dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. H1-də maaşın üstünə 60 manat əlavə vəsait gəlir.
H2 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. H2 üçün 160 manat məbləğində vəsait nəzərdə tutulur.
Bütün bunlar əla. İndi gələk əsas məsələyə: 5 il ərzində elektrik enerjisi və nəqliyyat daşıyıcılarının qiymətləri azı 2 dəfə bahalaşıb, amma müəllimin məhz bu problemini həll etmək üçün müəyyən edilmiş məbləğ artmayıb. İkincisi, müəllim 35 yaşı tamam olandan sonra da həmin yolu gedir və enerjini sərf edir. Ona görə də həvəsləndirmə proqramlarında 35 yaş məhdudiyyəti aradan qaldırılmalıdır. Yoxsa, H1 və H2 tətbiq edilən məktəblərdə çalışanlar bu yardım dayanandan sonra məktəbi dəyişəcək. Belə hallar artıq baş verir. Bir də bölgələrdə müəllimlərin dərs saatı 25-30 saat deyil ki, onlar yüksək əməkhaqqı alsınlar. Məhz gəncləri regionlarda məktəblərə cəlb etmək üçün əməkhaqlarına müvafiq əlavələr edilməlidir. Bir daha təklif edirəm ki, H1 və H2-yə görə verilən vəsaitlər və yaş həddi artırılsın”.
Günel CƏLİLOVA