Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris çimərliklərlə bağlı təzadlı açıqlamalar verib. O bildirib ki, koronavirusun sudan keçməsi halı müşahidə edilməyib.
Amma insanlar suda olan zaman ağızlarının və gözlərinin suya toxunmamasına diqqət etməlidirlər: “Çimərlikdə suya qurşağa qədər girmək olar. Çünki insanlar çalışmalıdırlar ki, başları dəniz suyu ilə islanmasın. Yəni gözə, buruna, ağıza dəniz suyu dolmamalıdır. Həmçinin, mütləq şəkildə sosial məsəfayə riayət etsinlər. Təmiz havada olmaq çox yaxşıdır. Amma sağlam istirahət etmək daha önəmlidir. Çünki virus öldürücüdür. Ona görə də insanların çox toplaşdığı çimərliklərdə xüsusilə ehtiyatlı olmaq lazımdır. İnsanların sıx olmadığı yerdə çimmək lazımdır ki, virusa tutulmayasan”.
İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurası (CSIC) isə insanların dənizdə, hovuzda və ya SPA salonlarında koronavirusa yoluxma risqini qiymətləndirir. Alimlərin fikrincə, dəniz suyunun tərkibindəki duz və bir sıra digər maddələr virusu deaktiv edə bilər. Bununla yanaşı, hovuz və SPA salonlarında dezinfeksiyaedici maddələrdən istifadə olunur ki, bunlar da virusun qarşısını almaq imkanına malikdir. Həmçinin, saunalardakı 60 dərəcə temperatur nəzərə alınarsa, həmin hərarətin virus üçün boğucu təsirləri olduğu qeyd edilir.
Koronavirusun dənizdə yayılıb-yayılmaması ilə bağlı müxtəlif fikirlər səslənir. Onu da nəzərə almaq lazımdır ki, çimərlik mövsümünün açılmasına az qalıb. Maraqlıdır, insanlar dəniz vasitəsilə koronavirusa yoluxa bilərmi?
“Hovuzlar xlorlanmalı, sular tez-tez dəyişdirilməlidir, bütün bunlara əməl olunmasa…”
Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirdi ki, insan suya girəndə ağzına su dolur: “Əgər həmin şəxs koronavirus daşıyıcısıdırsa, yaxud xəstəsidirsə, onun tüpürcəyi də virusludur. Həmin insan ağzındakı suyu tüpürməklə dəniz suyunu viruslu edir. Təbii ki, virus da müəyyən müddət dəniz suyunda qala bilir. Həmin su sağlam adamın ağzına, gözünə düşərsə, onu yoluxdura bilər. İkinci tərəfdən, xəstə insanlar dənizin sahilində oturacaq, söhbət edəcəklərsə, yenə də ətrafdakıları yoluxdura bilərlər. Əsas odur ki, insanlar o tövsiyələrə əməl etsinlər”.
C.İsayev onu da əlavə etdi ki, koronavirusun dəniz suyunda qalma müddəti hələ dəqiqləşdirilməyib: “Koronavirus dəniz suyunda nə qədər qala bilər? Hələ bunu öyrənən yoxdur. Hətta orada bir saat da qalsa, kifayət edir ki, suya girən insanları yoluxdursun”.
Baş infeksionist hovuzlarda suya qarışdırılan xlorun koronavirusu öldürdüyünü dilə gətirdi: “Xlor koronavirusu bir neçə dəqiqəyə öldürür. Düzdür, orada koronavirusun qalma ehtimalı çox zəifdir, amma, hər halda, hovuzlar açılsa da, orada müəyyən tədbirlər edilməlidir. Hovuzlar xlorlanmalı, sular tez-tez dəyişdirilməlidir. Bütün bunlara əməl olunmasa, hovuzlar infeksiya mənbəyi ola bilər”.
Günel CƏLİLOVA